Azərbaycan Premyer Liqasının üçüncü turu antirekordla əlamətdar olub

1 Sentyabr 2026 11:55
80
Azərbaycan Premyer Liqasının üçüncü turu antirekordla əlamətdar olub

Misli Premyer Liqasının üçüncü turu aşağı məhsuldarlıqla yadda qalıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, turun altı qarşılaşmasında cəmi 5 qol vurulub. Bu, orta məhsuldarlığın 0,83 olmasına səbəb olub və son 10 mövsümün antirekordu kimi qeydə alınıb.

Turda yalnız “Qəbələ” – “Şamaxı” görüşündə qol olmayıb. Digər 5 matçın hər birində isə cəmi 1 qol vurulub. “Şəfa” - “İmişli”, “Sumqayıt” - “Qarabağ” və “Araz-Naxçıvan” - “Sabah” oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

Son 10 mövsümdə bundan aşağı orta məhsuldarlıq yalnız 2016/17 mövsümünün II turunda qeydə alınıb. 2016-cı il avqustun 11-14-də keçirilən 4 oyunda 3 qol vurulub və orta göstərici 0,75 olub.

Həmin turun nəticələri ilə bu mövsümün III turu arasında maraqlı oxşarlıq da var. 10 il əvvəl keçirilən bəzi qarşılaşmalarda indiki kimi eyni komandalar üz-üzə gəlib. “Sumqayıt” – “Qarabağ” (0:2) və “Neftçi” – “Zirə” (0:1) oyunlarında qaliblər dəyişməyib. “Qəbələ” – “İnter” (indiki “Şamaxı”) görüşü isə qolsuz başa çatıb. “Kəpəz” – AZAL matçında da qol qeydə alınmayıb.

III turun digər diqqətçəkən göstəricisi 5 oyunun 1:0 hesabı ilə başa çatmasıdır. PFL bayrağı altında keçirilən dövrdə bir turda 5 matçın 1:0 hesabı ilə yekunlaşması ilk dəfədir.

Bu müddətdə 10 dəfə bir turun 4 qarşılaşması 1:0 hesabı ilə başa çatıb. Onlardan ikisi ötən mövsüm 6 oyunlu turlarda qeydə alınıb.

Bundan əvvəl bir turda 4 oyunun 1:0 hesabı ilə başa çatdığı son hadisə 2023/24 mövsümünün 36-cı turunda olub. 2024-cü il mayın 25-26-da keçirilən turun 5 oyunundan 4-ü 1:0 hesabı ilə yekunlaşıb. “Sumqayıt” “Qəbələ”yə, “Zirə” “Səbail”ə, “Turan Tovuz” “Kəpəz”ə, “Sabah” isə “Neftçi”yə qalib gəlib. Yalnız “Araz-Naxçıvan” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz