Avropada transfer həyəcanı: TOP-5 liqalarında pəncərə bu gün bağlanır

1 Sentyabr 2026 11:28
95
Avropada transfer həyəcanı: TOP-5 liqalarında pəncərə bu gün bağlanır

Avropanın aparıcı futbol çempionatlarında 2026-cı ilin yay transfer pəncərəsi bu gün bağlanacaq.

İdman.Biz xəbər verir ki, sentyabrın 1-i İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1-də yay transfer dövrünün son günüdür.

Liqa 1 və Bundesliqada transfer pəncərəsi yerli vaxtla saat 20:00-da, A Seriyasında da saat 20:00-da başa çatacaq. La Liqa klubları isə gecə yarısınadək yeni futbolçuları qeydiyyatdan keçirə biləcəklər.

İngiltərədə transfer bazarı daha gec bağlanacaq. Premyer Liqa klubları üçün son müddət yerli vaxtla saat 23:00-dır. Bu, Bakı vaxtı ilə sentyabrın 2-si saat 02:00-a təsadüf edir.

Premyer Liqada klublar son ana qədər razılığa gəldikləri transferlə bağlı xüsusi sənədi – “deal sheet”i vaxtında təqdim edərlərsə, qalan sənədlərin rəsmiləşdirilməsi üçün əlavə iki saat vaxt əldə edə bilərlər. Beynəlxalq transferlərdə isə FIFA-nın Transfer Matching System (TMS) tələbləri də yerinə yetirilməlidir.

Türkiyədə isə klubların vaxtı daha çoxdur. Türkiyə Futbol Federasiyasının qərarına əsasən, Superliqada yay transfer və qeydiyyat dövrü sentyabrın 4-də başa çatacaq.

Azərbaycanda yay transfer pəncərəsi daha gec bağlanacaq. Premyer Liqa klubları yeni futbolçularını sentyabrın 10-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Beləliklə, bu gün Avropanın TOP-5 liqalarında “Deadline Day”dir və transfer bazarının son saatlarında bir sıra keçidlərin rəsmiləşməsi gözlənilir.

İdman.Biz