“Yuventus”dan “Fiorentina”ya keçən futbolçuları qəribə mərasim gözləyir

8 Noyabr 2026 11:54
42
“Yuventus”dan “Fiorentina”ya keçən futbolçuları qəribə mərasim gözləyir

İtaliyanın “Fiorentina” futbol komandasının azarkeşləri “Yuventus”dan transfer olunan futbolçular üçün qeyri-adi ənənə yaradıblar.

İdman.Biz xəbər verir ki, Florensiya təmsilçisinin fanatları Turin klubuna qarşı o qədər böyük antipatiya bəsləyirlər ki, keçmiş “Yuventus” futbolçularını xüsusi təmizlənmə mərasimindən keçirirlər.

“Degobbizzazione” adlanan bu ritualın mənası “donqardan xilas olmaq” deməkdir. Bununla azarkeşlər yeni transfer olunan futbolçuların “Yuventus”dakı keçmişini simvolik olaraq silirlər. Belə ki, Turin komandasının azarkeşləri yerli futbol mühitində “donqarlar” adlandırılırlar.

Mərasim özünəməxsus vəftiz ayinini xatırladır. Azarkeşlər futbolçunun qarşısına fırça və üzərində “Donqardan xilas olmaq üçün bənövşəyi yuyunma” yazılmış su vedrəsi ilə çıxırlar.

Yeni transferə ultras qrupunun üzvlük kartı və “Hurrà Juventus” jurnalı da təqdim olunur. Jurnal adətən nümayişkaranə şəkildə cırılır və ya atılır.

Bundan sonra futbolçu keçmiş “günahlarından” təmizlənmiş və “Fiorentina” azarkeşlərinin icmasına qəbul edilmiş hesab olunur.

Bu qeyri-adi ənənə illər ərzində “Yuventus”dan Florensiya klubuna keçən bir sıra məşhur futbolçulara da tətbiq edilib. Luka Toni, Entso Mareska, Adrian Mutu və Federiko Bernardeski həmin mərasimdən keçənlər arasındadır.

Maraqlıdır ki, ritual təkcə futbolçulara aid deyil. 1998-ci ildə “Yuventus”da 13 il çalışdıqdan sonra “Fiorentina”nın baş məşqçisi təyin olunan Covanni Trapattoni də eyni mərasimdən keçməli olub.

Qeyd edək ki, bu gün saat 23:45 “Fiorentina” “Yuventus”u qəbul edəcək.

İdman.Biz