“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Litvada böyük əks-səda doğurub.
İdman.Biz xəbər verir ki, yerli mətbuat və sosial şəbəkələrin Litva seqmentində hazırda əsas müzakirə mövzularından biri 48 yaşlı mütəxəssisin qazandığı tarixi uğurdur.
Dambrauskas çərşənbə axşamı(25 avqust) axşam karyerasının ən böyük uğuruna imza atıb. Azərbaycan klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını əlavə vaxtda 5:2 hesabı ilə məğlub edib. İlk görüşdə 1:2 hesabı ilə uduzan “Sabah” iki oyunun nəticəsinə görə 6:4 hesablı qələbə qazanaraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə əldə edib.
Bu, təkcə “Sabah” üçün deyil, Litva futbolu üçün də tarixi nailiyyətdir. Pakruoyisdə doğulan Dambrauskas Çempionlar Liqasının əsas mərhələsinə komanda çıxaran ilk litvalı məşqçi olub.
Onun uğuru Litva futbol ictimaiyyətinin diqqətindən yayınmayıb. Dambrauskasın əvvəllər çalışdırdığı klublar, həmçinin onun heç vaxt işləmədiyi bəzi komandalar və digər futbol qurumları sosial şəbəkələrdə litvalı mütəxəssisi təbrik ediblər.
Dambrauskasın baş məşqçi kimi karyerasına 2014-cü ildə başladığı Panevejis şəhərinin “Ekranas” klubunun sosial şəbəkədə hesabında belə bir yazı dərc edilib.
“Tarix yazıldı! “Ekranas”ın keçmiş üzvü Valdas Dambrauskası və Jonası Skinderisi ən möhtəşəm yolla klub futbolunun ən böyük turniri – UEFA Çempionlar Liqasına vəsiqə qazanmaları münasibətilə ürəkdən təbrik edirik!”
Litvanın paytaxtını təmsil edən “Jalgiris” klubu da keçmiş baş məşqçisini diqqətdən kənarda qoymayıb.
“Komandamızın keçmiş məşqçisi Valdas Dambrauskası təbrik edirik. O, komandanı UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxaran ilk litvalı məşqçi oldu”, – deyə Vilnüs klubu bildirib.
“Jalgiris” həmçinin xatırladıb ki, məhz Vilnüs komandasına rəhbərlik etdiyi dönəmdə Dambrauskas Çempionlar Liqasının təsnifat mərhələsində debüt edib.
Litvalı mütəxəssisi 2017-2020-ci illərdə çalışdığı Latviya klubu Riqanın RFS-i də təbrik edib.
Dambrauskasın tarixi uğuruna Litva Futbol Federasiyası da münasibət bildirib.
“Bu, Tarixdur! Məşqçini, onun köməkçilərini, futbolçuları və bütün təşkilatı böyük qələbə münasibətilə təbrik edirik. Çempionlar Liqasının axşamları bundan sonra daha da maraqlı olacaq”, - federasiyanın paylaşımında qeyd olunub.
Beləliklə, “Sabah”ın İsrail “Hapoel”i üzərindəki dramatik qələbəsi Azərbaycan futbolunda yeni səhifə açmaqla yanaşı, Litva futbolunun tarixinə də Dambrauskasın adı ilə düşüb. O, Çempionlar Liqasının əsas mərhələsində komanda çalışdıracaq ilk litvalı məşqçi kimi tarixə keçib.
