Azərbaycanın “Sabah” futbol klubu Avropa Çempionlar Kuboku və Çempionlar Liqası tarixində unikal uğura imza atıb.
İdman.Biz xəbər verir ki, Bakı klubu Avropanın əsas klub turnirində debüt etdiyi ilk iştirakında bütün dörd təsnifat mərhələsini keçərək əsas mərhələyə yüksələn ilk komanda olub.
Cari mövsüm “Sabah”ın tarixində Çempionlar Liqasındakı ilk çıxışıdır. Valdas Dambrauskasın komandası mübarizəyə ilk təsnifat mərhələsindən başlayıb və ardıcıl olaraq dörd səddi keçib.
İlk mərhələdə “Sabah” Uelsin “Nyu-Seynts” klubuna iki oyunda da qalib gəlib – 2:0 və 2:1. Daha sonra Azərbaycan klubu Finlandiyanın KUPS komandasını mübarizədən kənarlaşdırıb - 1:0 və 2:0.
Üçüncü təsnifat mərhələsində Bakı təmsilçisi Danimarkada “Orhus”a 1:2 hesabı ilə uduzduqdan sonra rəqibini evdə darmadağın edib - 4:0.
Pley-offda “Sabah” yenidən ilk görüşdə məğlub olub - İsrailin Beer-Şeva şəhərindən olan “Hapoel” klubuna 1:2 hesabı ilə uduzub. Lakin cavab matçında Bakıda dramatik mübarizədən sonra əlavə vaxtda 5:2 hesabı ilə qalib gəlib və iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə mərhələni keçib.
Beləliklə, “Sabah” Çempionlar Kuboku/Çempionlar Liqasında debüt etdiyi mövsümdə dörd təsnifat mərhələsini keçərək turnirin əsas mərhələsinə yüksələn ilk klub olub.
Bununla yanaşı, Bakı təmsilçisi tarixdə Çempionlar Liqasının ilk təsnifat mərhələsindən başlayaraq bütün dörd seçmə mərhələsini keçən cəmi yeddinci klub olub.
Buna daha əvvəl 2018/19 və 2019/20 mövsümlərində “Srvena Zvezda”, 2020/21 mövsümündə “Ferentsvaroş”, 2021/22 mövsümündə “Şerif” və “Malmö”, 2024/25 mövsümündə Bratislavanın “Slovan”ı və 2025/26 mövsümündə “Kayrat” nail olub.
Lakin bu klubların hər biri dörd mərhələdən ibarət uğurlu yürüşünü həyata keçirdiyi vaxtadək artıq Çempionlar Kuboku və ya Çempionlar Liqasında daha əvvəl çıxış etmişdi.
Məhz buna görə “Sabah”ın nailiyyəti unikaldır: Azərbaycan klubu bütün dörd təsnifat mərhələsini keçməyi Çempionlar Liqasında debütü ilə birləşdirib.
Qeyd edək ki, dörd təsnifat mərhələsindən ibarət format Çempionlar Liqasında 2009/10 mövsümündən tətbiq olunur. Çempionlar Kuboku dövründə isə əsas mərhələyə gedən analoji dörd mərhələli yol mövcud olmayıb.
Beləliklə, İdman.Biz-in araşdırmasının nəticələrinə əsasən, “Sabah” Avropanın əsas klub turniri tarixində buna bənzər nəticəyə imza atan ilk klub olub.
