“Hapoel”in keçmiş qapıçısı: “Sabah” çox yaxşı komandadır”

25 Avqust 2026 17:43
59
“Hapoel”in keçmiş qapıçısı: “Sabah” çox yaxşı komandadır”

“Hər iki komandanın şansı bərabərdir. Düşünürəm ki, “Hapoel” (Beer-Şeva) Bakıda mərhələ adlaya bilər”.

Bu sözləri İsrailin “Hapoel” klubunun sabiq qapıçısı Qay Haimov keçmiş komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la keçiriləcək cavab oyununu dəyərləndirərkən deyib.

Veteran qolkiper bildirib ki, Azərbaycan çempionunun ilk görüşdə yaxşı təsir bağışladığını bildirib.

“Sabah” çox yaxşı komandadır, baxımlı futbol oynayır. Buna görə də hələ heç nə bitməyib. Hər şey dəyişə bilər. Bu, futboldur və fərq cəmi bir qoldur”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

O, Azərbaycan futbolunun ildən ilə inkişaf etdiyini vurğulayıb:

“Bir neçə il əvvəl Azərbaycanda olmuşam və bu ölkədəki inkişafı görürəm. “Sabah”ın Çempionlar Liqasında daha da irəli getmək üçün doğru yolda olduğunu görürük. Bu da göstərir ki, ölkəniz futbolda inkişaf edib. “Sabah”a uğurlar arzulayıram. Amma bu oyundan sonra (gülür)”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Hapoel” görüşü saat 20:45-də başlayacaq. Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək. Səfərdə baş tutan ilk oyunda Azərbaycan çempionu 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz