Elmar Baxşıyev: “Hapoel”lə matçı “Sabah” üçün tarixi oyun adlandırmaq olar

25 Avqust 2026 15:57
87
Elmar Baxşıyev: “Hapoel”lə matçı “Sabah” üçün tarixi oyun adlandırmaq olar

“Səfərdəki minimalhesablı məğlubiyyətə baxmayaraq, komandaların şanslarını bərabər qiymətləndirirəm. Bu qarşılaşmanı “Sabah” üçün tarixi oyun adlandırmaq olar”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, ilk qarşılaşma hər iki komandanın eyni səviyyədə və güc nisbətində olduğunu göstərib.

“Komandalar təxminən eyni səviyyədədir. Daha böyük əzm və istəklə bu rəqibi keçmək mümkündür. Düşünürəm ki, “Sabah” ilk matça nisbətən fərqli oyun nümayiş etdirəcək və növbəti mərhələyə adlayaraq ilkə imza atacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Azarkeş amilinin vacibliyinə də toxunan mütəxəssis əlavə edib ki, tribunaların dəstəyi komandanı hücumda daha da motivasiyalı edəcək.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” - “Hapoel” oyunu saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda Azərbaycan çempionu 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz