Futbol üzrə Xorvatiya millisinin qapıçı Dominik Livakoviç “Fənərbağça”dan ayrılaraq “Barselona”ya transfer olunub.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı qapıçı artıq “Barselona” ilə müqavilə imzalayıb. Futbolçunun transferi Kataloniya klubuna 2 milyon avroya başa gəlib. Müqavilədə daha 2 milyon avro bonus nəzərdə tutulub.
“Barselona” Livakoviçi dərhal mövsümün sonuna qədər icarəyə göndərməyi planlaşdırır. Gözlənilir ki, o, Voyçex Şesnının müqaviləsi 2027-ci ilin yayında başa çatdıqdan sonra Kataloniya klubunun ikinci qapıçısı olacaq.
Məlumat üçün əlavə edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli ilə Dominik Livakoviç 2022/2023 mövsümündə eyni klubda çıxış ediblər. Hər iki futbolçu “Dinamo Zaqreb”in uğurları üçün çalışıblar.
