Novbəti aylarda Azərbaycanın futbol azarkeşləri milli komandanı Millətlər Liqasında keçiriləcək oyunlarda izləyəcəklər. Komanda üçün bu, 2024/25 mövsümünün yekunlarına əsasən düşdüyü D divizionundan C divizionuna qayıtmaq imkanı yaradacaq. Qrupda Azərbaycan Litva və Lixtenşteynlə qarşılaşacaq. İlk üç oyun 27 sentyabrdan 4 oktyabra qədər keçiriləcək. Lixtenşteynlə cavab oyunu isə noyabrın 13-də baş tutacaq.
Qarşıdakı vacib oyunlar ərəfəsində milli komandanın bəzi əsas futbolçuları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Komandanın qarşıdakı matçlara hazırlığı barədə İdman.Biz milli komandanın baş məşqçisi Ayxan Abbasovla danışıb. Yeri gəlmişkən, baş məşqçi bu gün 45 yaşını qeyd edir.
Millinin baş məşqçisi klubsuz qalan Renat Dadaşovun vəziyyətini şərh edib, Nəriman Axundzadənin Türkiyə çempionatına keçidinə münasibət bildirib, Bəhlul Mustafazadənin idman formasını dəyərləndirib, həmçinin milli komandanın qarşısına qoyulan hədəflərdən danışıb.
– Azərbaycan Premyer Liqasının ilk turunda meydana çıxan 183 futbolçudan 68-i yerli oyunçu olub. Azərbaycanlı futbolçuların az oyun praktikası qazanması milli komandanın heyətini formalaşdırmağınızı çətinləşdirirmi?
– Çempionlar Liqasında mütəmadi oynayan iki futbolçumuz var: Rəhman Daşdəmirov və Aleksey İsayev. “Qarabağ”da Bədavi və Musa da son oyunlarda meydana çıxıblar. “Neftçi”də beş futbolçumuz çıxış edir. “Zirə”də əsas heyətdə oynayan futbolçular var. Mahir də son vaxtlar yeni klubunda çox yaxşı çıxış edir. İnşallah, ümid edirəm ki, qarşıdakı turlarda daha çox yerli oyunçu şans qazanaraq milliyə kömək edəcək.
– Əvvəllər milliyə çağırılmayan yeni futbolçuları yığmaya cəlb etməyi planlaşdırırsınızmı, həmçinin, daha çox hansı mövqelərdə çıxış edən oyunçuları nəzərdən keçirirsiniz?
– Yerli futbolçuların hamısını nəzərdən keçiririk. Burada mövqeyin fərqi yoxdur. Hazırda klublarında mütəmadi oynayan, eləcə də daha az oyun şansı qazanan futbolçuları izləyirik. Klublarımızın yoldaşlıq görüşlərini və hazırlıq proseslərini də müşahidə eləyirik. Bütün oyunçular nəzarətdədir. Hələ vaxtımız var. Çempionatda qarşıda hələ dörd tur olacaq. Avrokuboklarda çıxış edən komandalarımız var, legionerlərimiz oynayır… Daha sonra yekun siyahını tərtib edəcəyik.
– Millimizin aparıcı futbolçularından biri Bəhlul Mustafazadə yaxınlarda zədədən sonra sıraya qayıdıb. Siz onu çox oynatmağı, yoxsa tədricən komandaya qaytarmağı düşünürsünüz?
– Bəhlul bizim üçün çox önəmli oyunçudur. Milli komandanın əsas futbolçularındandır və onun zədələnməsi bizim üçün ağır oldu. Şükürlər olsun ki, sağalıb. Azərbaycan çempionatında artıq çıxış etdi. Pis təsir bağışlamadı. Tam sağalıb və inanıram ki, qarşıdakı turlarda daha çox şans qazanacaq. Dediyim kimi, bir ay vaxtımız var. Bu müddət ərzində hansı durumda olacağından çox şeydən asılıdır.
– Bu yaxınlarda millimizin daha bir üzvü Nəriman Axundzadə “Kolumbus Kryu”dan Türkiyənin “Ərzurumspor” klubuna icarəyə keçdi. Sizcə, bu keçid onun inkişafına necə təsir göstərə bilər?
– Nəriman son toplanışda müəyyən narahatlıq yaşayırdı, az şans qazanırdı. Klubunu dəyişmək fikrində olduğunu bildirmişdi. Amma bu gün Türkiyə Superliqasına gəlib və inanıram ki, burada daha çox şans qazanacaq. Bilirik ki, bu yaxşı liqadır. İnşallah, ümid edirik ki, onun üçün faydalı olacaq.
– Digər futbolçumuz Renat Dadaşovun vəziyyəti isə o qədər də yaxşı deyil. O, hazırda klubsuz qalıb. Oyun praktikasından kənarda qaldığı halda milli komandaya kömək edə bilərmi?
– Bəli, Renatın klubsuz qalması bizi narahat edən məqamdır. Çox təəssüf edirəm. Yenə də vaxt var, bəlkə bir ay ərzində yeni klubuna qovuşar. Amma əlbəttə, klubsuz qalması bizi çox narahat edir.
– Millətlər Liqasından əvvəl Tacikistanla yoldaşlıq oyunu keçirəcəksiniz. Bu oyun Avropa yığmalarına qarşı matçlara hazırlıq baxımından nə dərəcədə faydalı ola bilər?
– Bilirsiniz, UEFA-nın bizə qoyduğu qaydalardan biri həmin boş vaxtda yoldaşlıq görüşü keçirməyimizdir. Biz D divizionundayıq, C divizionundakı bütün komandalar isə seçmə mərhələsinə başlayırlar. Ona görə də həmin tarixlərdə boşda olan rəqib yoxdur. Məcburən Asiya komandalarından biri ilə qarşılaşmalıyıq. Tacikistan Azərbaycana gəlmək istəyən rəqiblərdən biri idi. Biz də evdə oynamaq istəyirdik, səfər bizim üçün daha ağır olardı. Bu, hazırlıq xarakterli oyun olacaq. Burada rəqibin kimliyi bizim üçün çox fərq etmir. Əsas odur ki, UEFA-nın tələbinə əsasən yoldaşlıq oyunu keçirək.
– Bir həftə ərzində milli komanda üç oyun keçirəcək. Həmçinin Litva ilə matçın Gəncədə keçirilməsi komandadan əlavə səfər tələb edir. Bu, futbolçuların fiziki və psixoloji vəziyyətinə necə təsir göstərə bilər?
– Yoldaşlıq görüşünü də nəzərə alsaq, dörd oyun olur. Bu qısa müddətdə milli komandanın dörd oyun keçirməsi həqiqətən çətindir. Bu, ilk dəfə olacaq. Əlbəttə, burada rotasiyalar olmalıdır. Litvaya səfərimiz var, bundan sonra evə qayıdacağıq. Bunların hamısını nəzərə almışıq. Milli komandada bu cür qısa müddətdə oynamaq həmişə olur. Futbolçular ilk növbədə buna psixoloji hazır olmalıdırlar. Əlbəttə, rotasiya edəcəyik, amma böyük problemlə üzləşəcəyimizi düşünmürəm.
– C divizionuna yüksəlmək milli üçün əsas və məcburi hədəfdirmi?
– Əlbəttə, istəyirik ki, D Liqasından C Liqasına yüksələk. Əsas hədəfimiz budur. Bunu yoldaşlıq görüşlərində də futbolçularımızla söhbətlərimiz zamanı bildirmişik. Bunun üçün çalışacağıq. Digər tərəfdən, milli komanda elədir ki, təəssüf ki, hər dəfə eyni heyət və eyni oyunçularla oynamaq olmur. Zədələr, dəyişikliklər çox olur. Amma həqiqətən son vaxtlar futbolçuların istəyi, milli ruhu və qələbə qazanmaq əzmi sevindirir. İnanıram ki, bunu bu oyunlarda qələbə qazanaraq göstərəcəyik.
– Azərbaycan klublarının çıxışını yaxından izləyirsiniz və hətta “Sabah” və “Qarabağ”ın pley-off mərhələsindəki səfər oyunlarında da olmusuz. Sonda, “Sabah” və “Qarabağ”ın cavab görüşlərilə bağlı gözləntilərinizi öyrənmək istərdik.
– Çempionlar Liqasında “Sabah” çox böyük təcrübə qazanır. İlk dəfədir oynayırlar, amma pley-offa gəlib çatmaları böyük uğurdur. Şansları qalır. Birinci oyunun birinci hissəsində çox yaxşı çıxış etdilər. İkinci hissədə rəqibin böyük təzyiqi var idi. Rəqib də yaxşı komandadır. İnanıram ki, Bakıda, öz azarkeşləri qarşısında, inşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar.
“Qarabağ”, əlbəttə, təcrübəlidir. Neçə illərdir Avropa arenasında oynayırlar. Amma dəyişikliklər çoxdur, zədəli oyunçular var idi. Buna baxmayaraq, “Tvente”yə qarşı çox yaxşı qələbə qazanıblar. Məncə, “Qarabağ”ın şansları daha çoxdur. İki komandamızın qrupa düşməsi Azərbaycan futboluna xeyirdir. İnşallah, buna inanaq, dualarımız onlarla olsun.
