“Toral Bayramov “Bursaspor”da uyğunlaşma dövrünü uğurla keçəcək”.
Bunu Azərbaycan futbol milli komandasının direktoru İlqar Qurbanov deyib.
Türkiyə Birinci Liqasının Üçüncü turunda “Bursaspor”un səfərdə “Fatih Karagümrük”lə qarşılaşmasını (1:2) stadiondan canlı izləyən mütəxəssis T. Bayramovun çıxışı haqqında fikirlərini bölüşüb.
“Meydanın vəziyyəti ideal olmasa da, Toral pis oyun göstərmədi. O, yetərincə təcrübəli futbolçudur və həyəcanlı deyildi. Sarı vərəqə aldığı və növbəti epizodda qayda pozuntusuna yol verdiyi üçün baş məşqçi ehtiyatlı davranaraq onu əvəzlədi. İnanıram ki, yavaş-yavaş istədiyi formanı bərpa edəcək”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, Türkiyə klubunun iddialı heyətə və böyük azarkeş dəstəyinə malik olduğunu vurğulayıb:
“Bursaspor” həmişə iddialı, çempionluq uğrunda mübarizə aparan komanda olub və bu mövsüm də yaxşı transferlər reallaşdırıb. Onların hər oyunda stadionu dolduran 40-50 min azarkeşi var. Futbolçular böyük azarkeş təzyiqinin öhdəsindən gəlməlidirlər. “Bursaspor” digər klublardan fərqlənir, ev oyunlarını böyük azarkeş kütləsi önündə keçirir. Onlar transferlərə böyük məbləğdə pul xərcləyiblər və bahalı transferlərdən biri də Toraldır. Belə heyətlə ancaq çempionluğa oynamalıdırlar”.
Milli rəsmisi özünün də vaxtilə Türkiyədə çıxış etdiyini və ilk oyunlarda çətinlik çəkdiyini diqqətə çatdırıb:
“Mən də həmin çempionatda oynamışam və ilk 2-3 oyunda çətinliklərim olmuşdu. Orada uyğunlaşma dövrü çox vacibdir, daha sonra qollar vurmağa başlamışdım. Toral üçün də əsas məsələ uyğunlaşma mərhələsini yaxşı keçirməkdir. Çempionatın səviyyəsi həmişə yüksək olub, daha çox fərdi keyfiyyətlərə üstünlük verilir. Hər komandada milyonluq transferlər var və aşkar favorit yoxdur”.
Xatırladaq ki, T.Bayramov bu yay “Qarabağ”dan “Bursaspor”a transfer olunub.
