Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, eləcə də Azərbaycan yığması FIDE-nin yenilənmiş dünya reytinqində mövqeyini yaxşılaşdırıb.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il avqustun 1-nə olan dünya reytinqini açıqlayıb.
Yenilənmiş siyahıya əsasən, Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək dünyanın 22-ci şahmatçısı olub. Onun reytinq göstəricisi dəyişməyərək 2723 xal təşkil edib.
Hesabat dövründə ən böyük irəliləyişə Aydın Süleymanlı nail olub. O, 11 xal qazanaraq reytinqini 2668-ə yüksəldib və 57-ci pillədən 47-ci yerə qalxıb.
Dünya reytinqinin ilk 100-lüyündə Azərbaycanın daha üç təmsilçisi yer alır: Teymur Rəcəbov (2689 xal) 38-ci, Rauf Məmmədov (2639 xal) 83-cü, Maqomed Muradlı (2630 xal) isə 98-cidir.
Dünya reytinqinin ilk “10-luğ”u belədir:
Maqnus Karlsen (Norveç) – 2823
Fabiano Karuana (ABŞ) – 2792
Hikaru Nakamura (ABŞ) – 2792
Cavaxir Sindarov (Özbəkistan) – 2777
Vinsent Keymer (Almaniya) – 2767
Uesli So (ABŞ) – 2765
Aniş Giri (Niderland) – 2764
Nodirbek Abdusattorov (Özbəkistan) – 2762
Arcun Eriqaisi (Hindistan) – 2759
Əlirza Firuzca (Fransa) – 2757.
Qadın şahmatçıların reytinqində Azərbaycanın ən yaxşı təmsilçisi 2440 xalla 25-ci yerdə qərarlaşan Ülviyyə Fətəliyevadır. FIDE-nin ilk 100-lüyündə həmçinin Gövhər Beydullayeva (2392 xal) – 53-cü, Xanım Balacayeva (2356 xal) – 81-ci və Günay Məmmədzadə (2351 xal) - 89-cu pillədə yer alır.
Şahmat ölkələrinin reytinqində Azərbaycan da bir pillə irəliləyib. Ölkəmiz aparıcı 10 şahmatçının orta reytinqi əsasında hesablanan 2627 xalla 6-cı yerə yüksəlib. Eyni göstəriciyə malik Ukrayna əlavə göstəricilərə görə Azərbaycandan geri qalaraq 7-ci sırada qərarlaşıb.
Şahmat ölkələrinin ilk "10-luğ"u belədir:
1.ABŞ – 2723
2.Hindistan – 2705
3.Çin – 2663
4.Rusiya – 2641
5.Almaniya – 2634
6.Azərbaycan – 2627
7.Ukrayna – 2627
8.Özbəkistan – 2626
9.Fransa – 2623
10.Niderland – 2613.
Qadın şahmat ölkələrinin reytinqində isə Azərbaycan 2302 xalla 11-ci pillədə qərarlaşıb. İlk onluqda Çin (2484), Hindistan (2417), Ukrayna (2392), Gürcüstan (2369), ABŞ (2368), Rusiya (2351), Polşa (2348), Qazaxıstan (2345), Fransa (2333) və Almaniya (2329) yer alır.
