“Aznur” minifutbol komandasının Çempionlar Liqasında hədəfi ən azı 1/4 finala qədər irəliləməkdir”.
Bunu komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.
O, əvvəlki nəticələri yaxşılaşdırmaq istədiklərini vurğulayıb.
“Əvvəlki mövsümlərdə olduğu kimi, hədəfimiz bacardığımız qədər uzağa getməkdir. 2 il əvvəl 1/8 finalda məğlub olmuşduq. Ötən mövsüm isə həmin mərhələdə penalti seriyasında mübarizəni dayandırdıq. Əsas məqsədimiz ötənilki nəticəni daha da yaxşılaşdırmaq, ən azı 1/4 finala qədər irəliləməkdir”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Mütəxəssis heyətdəki dəyişikliklər barədə danışıb:
“Çempionlar Liqasında hələ ki rəqiblərimiz məlum deyil. Komandadan 5 nəfər ayrılıb, 4 yeni futbolçu gətirmişik. Yaxşı oyunçular transfer etdiyimizi düşünürəm. Ümid edirəm ki, komandaya köməkləri dəyəcək”.
R.Fərəczadə təlim-məşq toplanışına başlanılmamalarının səbəbini açıqlayıb:
“Əslində hazırlığa iyulun sonu və ya avqustun əvvəlində start verməyi planlaşdırmışdıq. Lakin futbolçuların yarısından çoxu yay turnirində iştirak edir. Əlavə yüklənmə olmasın deyə “Aznur” məşqlərə başlamayıb. Yay mövsümü turniri avqustun ilk 10 günündə bitməlidir. Yarış yekunlaşan kimi, avqustun 10-dan hazırlığa start verməyi nəzərdə tuturuq”.
