Azərbaycan UEFA-nın 2026/27 mövsümü üzrə ölkə əmsalları cədvəlində altıncı pilləyə yüksəlib.
İdman.Biz xəbər verir ki, ölkə təmsilçilərinin indiyədək qazandığı nəticələr Azərbaycanın aktivinə 2,625 bal yazdırıb. Bu göstərici ilə Azərbaycan Fransanı geridə qoyub və mövsümün ən yaxşı nəticələrindən birinə sahib olub.
Cədvəldə 3,750 balla İspaniya liderdir. İtaliya və Almaniya hərəyə 3,428, İngiltərə 3,333, Portuqaliya isə 3,000 bal toplayıb. Azərbaycan 2,625 xalla altıncıdır. Eyni göstəriciyə malik Latviya yeddinci, 2,571 balı olan Fransa isə səkkizinci pillədə qərarlaşıb.
Son oyun həftəsində “Qarabağ”, “Zirə” və “Neftçi” növbəti mərhələyə keçə bilməsələr də, onların nəticələri ölkə əmsalının artmasına imkan verib. Bir qələbə və iki heç-heçə Azərbaycan üçün ümumilikdə iki xal qazandırıb. Dörd təmsilçiyə bölünən bu nəticə ölkənin mövsümlük əmsalına 0,500 bal əlavə edib.
Azərbaycanın indiyədək topladığı 2,625 balın ən böyük hissəsi “Sabah”ın payına düşür. Komanda ölkəyə 1,000 bal qazandırıb. “Qarabağ” 0,750, “Zirə” 0,625, “Neftçi” isə 0,250 ballıq töhfə verib.
Azərbaycan avrokubok mövsümünə dörd komanda ilə başlasa da, mübarizəni yalnız “Qarabağ” və “Sabah” davam etdirir. “Zirə” və “Neftçi” isə Konfrans Liqası ilə vidalaşıb.
Cari mövsüm üzrə altıncı pillənin uzunmüddətli olması gözlənilmir. Çünki İspaniya, İtaliya, Almaniya, İngiltərə və Fransa təmsilçilərinin əksəriyyəti hələ avrokuboklarda meydana çıxmayıb. Bu ölkələrin indiki əmsallarının bir hissəsi komandaların Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqəsinə görə nəzərdə tutulan bonuslardan formalaşıb.
Buna baxmayaraq, 2,625 ballıq göstərici Azərbaycan klublarının avrokuboklarda mövsümə indiyədək ən uğurlu başlanğıcıdır.
Son beş mövsümün nəticələrinin hesablandığı ümumi UEFA reytinqində isə Azərbaycanın mövqeyi dəyişməyib. Ölkə 21,187 balla 26-cı pillədədir. Qarşıdakı oyunlarda “Qarabağ” və “Sabah”ın əldə edəcəyi nəticələr 22,468 balla 24-cü olan Sloveniya və 22,125 balla 25-ci sırada qərarlaşan İsraillə fərqin azalmasına imkan verə bilər.
Azərbaycanı aşağı pillələrdə 19,875 balla Slovakiya və 19,562 balla Bolqarıstan izləyir. Bu ölkələr müvafiq olaraq 27-ci və 28-ci yerlərdədir.
Klubların fərdi UEFA reytinqində isə “Qarabağ” 35,750 balla 60-cı pillədə qərarlaşıb. “Sabah” 8,500 balla 193-cü, “Zirə” 7,000 balla 217-ci, “Neftçi” 6,000 balla 237-ci sıradadır.
