UEFA FIFA ilə yaranan ciddi fikir ayrılığı fonunda dünya çempionatına alternativ ola biləcək beynəlxalq turnir layihəsini yenidən gündəmə gətirib.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, söhbət UEFA-nın 2017-ci ildə hazırladığı “Global Nations League” layihəsindən gedir. Layihə regional seçmə mərhələlərindən sonra müxtəlif səviyyələr üzrə səkkizkomandalı final turnirlərinin keçirilməsini nəzərdə tutur.
Konsepsiyaya əsasən, yeddi fərqli səviyyədə səkkiz yığmanın iştirakı ilə mini dünya çempionatları təşkil edilməli idi. Turnirlər müxtəlif ölkələrdə bir həftə ərzində pley-off sistemi ilə keçirilməli və dörddəbir final mərhələsindən başlamalı idi.
Ən yüksək səviyyəli final turnirində Avropadan üç, Cənubi Amerikadan iki, Afrika, Asiya və Şimali Amerikadan isə bir yığmanın iştirakı nəzərdə tutulurdu. Okeaniya təmsilçisinin isə dördüncü səviyyədən etibarən yarışa qoşulması planlaşdırılmışdı.
Layihə 2017-ci ildə müzakirəyə çıxarılsa da, həyata keçirilməyib. “The Sun”un məlumatına görə, FIFA ilə münasibətlərin kəskinləşməsi UEFA-nı həmin layihəyə yenidən qayıtmağa vadar edə bilər. FIFA-nın dünya çempionatı və digər turnirlərlə bağlı kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planı UEFA-nın kəskin etirazına səbəb olub.
