İtaliyanın “Latsio” klubunun azarkeşləri yeni mövsüm üçün abunə biletlərini kütləvi şəkildə yeniləməkdən imtina edirlər. Bu, klub prezidenti Klaudio Lotitoya qarşı etiraz aksiyası kimi qiymətləndirilir.
İdman.Biz xəbər verir ki, hazırda azarkeşlərin cəmi 7 faizi yeni mövsümün ilk hissəsi üçün abunə bileti alıb. Ötən il “Latsio” avrokuboklara vəsiqə qazana bilməsə də, 29 918 azarkeş abunə bileti alaraq komandaya dəstək vermişdi.
Bu mövsüm isə cəmi 2 min abunə bileti satılıb. Bu göstərici Lotitonun rəhbərliyi dövründə tarixi minimuma yaxın hesab olunur.
İyulun əvvəlində on minlərlə azarkeş Romanın küçələrinə çıxaraq etiraz aksiyası keçirib. Onlar Klaudio Lotitonun klubu satmasını tələb ediblər.
“Latsio” ötən mövsüm İtaliya A Seriyasında 9-cu yeri tutub və ardıcıl ikinci il avrokuboklardan kənarda qalıb. Lotito isə baş verənlərin rəqiblərinin oyunu olduğunu düşünür. Onun fikrincə, məqsəd klubu dəyərindən xeyli ucuz qiymətə almaqdır.
