Bu gün UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha 42 qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, oyun günü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Son qarşılaşmanın start fiti isə gecə saat 23:00-da səslənəcək.
Bir sıra tanınmış klublar ilk matçlardakı uğursuz nəticələri kompensasiya etməyə çalışacaq. FCSB saat 20:00-da səfərdə ilk oyunda evdə 2:3 hesabı ilə uduzduğu “Auda” ilə üz-üzə gələcək. “Ludoqorets” isə saat 22:00-da ilk görüşdə 0:2 hesabı ilə məğlub olduğu “Hapoel”i (Təl-Əviv) qəbul edəcək. “Hibernian” da saat 23:00-da “Malişevo” ilə dueldə iki top fərqini aradan qaldırmağa çalışacaq.
“Ayaks” cavab oyununa daha rahat vəziyyətdə çıxacaq. Amsterdam təmsilçisi ilk matçda 4:1 hesabı ilə qalib gəldiyi “Voyvodina”nı saat 22:00-da qəbul edəcək. Saat 22:15-də isə “Partizan” ilk görüşdə 4:0 hesabı ilə üstələdiyi “UNA Ştrassen”lə qarşılaşacaq.
“Panatinaikos” saat 22:30-da səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Pakş”ı qəbul edəcək. Saat 23:00-da isə “Braqa” ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi Serbiyanın “Jelezniçar” (Pançevo) komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin yeddi iştirakçısı artıq çərşənbə axşamı və çərşənbə günü müəyyənləşib. Qalan cütlərin qalibləri mübarizəni növbəti mərhələdə davam etdirəcək, məğlub olan komandalar isə avrokubok mövsümü ilə vidalaşacaq.
Mərkəzi oyunlar (Bakı vaxtı ilə):
20:00. “Zirə” - “Payde”
20:00 - FCSB - “Auda”
21:00. “Dinamo” - “Neftçi”
22:00 - “Ludoqorets” - “Hapoel” (Təl-Əviv)
22:00 - “Ayaks” - “Voyvodina”
22:15 - “Partizan” - “UNA Ştrassen”
22:30 - “Panatinaikos” - “Pakş”
23:00 - “Hibernian” - “Malişevo”
23:00 - “Braqa” - “Jelezniçar” (Pançevo)
