“Məncə, qələbə qazanmalı idik. Amma futbol belədir: yaratdığın epizodlardan istifadə edə bilmirsənsə, qalib gəlmək çətin olur”.
Bunu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Payde” ilə heç-heçə edən (1:1) “Zirə”nin futbolçusu Ayxan Hüseynov deyib.
O, komandasının çoxsaylı qol imkanlarından yararlana bilmədiyini bildirib.
“Çoxlu standart vəziyyətlərimiz və zərbələrimiz oldu. Bir neçə dəfə qapıçı ilə üz-üzə qaldıq, amma qol vura bilmədik. Bunun səbəbini özümüz də başa düşmürük. Rəqibin qapıçısı bu gün yaxşı çıxış etdi, ancaq düşünürəm ki, həmin epizodları qolla tamamlamalı idik”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.
Ayxan Hüseynov mübahisəli epizoda da münasibət bildirib:
“Bir epizodda top rəqib futbolçunun əlinə dəydi. Amma VAR sistemi yoxdur. Ola bilsin, hakim həmin anı görmədi. Buna görə də onunla bağlı heç nə deyə bilmərəm”.
Futbolçu “Zirə”də çıxış etməsindən məmnun olduğunu vurğulayıb:
“Zirə”nin futbolçusu olmaq mənim üçün çox xoşdur. Rəşad müəllimlə tez-tez söhbət edirdik. O, mənə hazır olduğum zaman şans qazanacağımı deyirdi. Bu gün əlimdən gələni etməyə çalışdım. Yaxşı epizodlarım da oldu, alınmayan məqamlar da. Ancaq inkişaf etmək və oyunumu artırmaq istəyirəmsə, öz üzərimdə daha çox çalışmalıyam”.
Qeyd edək ki, ilk görüşdə “Payde”yə 0:1 hesabı ilə uduzan “Zirə” iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.
