“Yaxşı oyun oldu. Güclü rəqibə qarşı çətin qarşılaşma keçirdik və sonda qələbə qazandıq. İndi bu matçı geridə qoyaraq növbəti görüşə hazırlaşmalıyıq”.
Bu sözləri ”Sabah”ın futbolçusu Kahim Perris UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıda Finlandiyanın ”KuPS” komandasını 1:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra deyib.
Onun sözlərinə görə, futbolçular qol epizodlarını dəyərləndirməkdə istədikləri səviyyədə deyildilər.
“Çoxlu imkanlar yaratdıq, lakin onların hamısını qola çevirə bilmədik. Son zərbələrdə zəif idik. Hesab daha böyük ola bilərdi. Məşqlərdə son zərbələr üzərində daha çox işləməliyik. İnanıram ki, növbəti oyunda bu baxımdan daha yaxşı çıxış edəcəyik”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Yamaykalı hücumameyilli yarımmüdafiəçi komandasının Çempionlar Liqasındakı hədəflərindən də söz açıb:
“Futbolda hər şey mümkündür. Qarşıdakı matçlar üçün yaxşı şansımız var. Sadəcə, diqqətimizi qorumalı, çox çalışmalı və gələcəyə nikbin yanaşmalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
