Qurban Qurbanov: “Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram”

22 İyul 2026 18:27
97
Qurban Qurbanov: “Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram”

“Yaxşı komandaya qarşı oynayacağıq”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məçqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis ilk matça intizamlı oynamaq istədiklərini bildirib: “Rəqib fərqlidir, hər görüşdə fərqli sistemlə çıxış edirlər. Bu baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq. Lakin inanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər”.

Təcrübəli mütəxəssis komandanın hələ istədiyi oyunu sərgiləmədiyini bildirib: “Komanda daxilində müsbət mənada çox dəyişiklik var. Futbolçular çox istəklidirlər və bir-birlərini əvvəlkindən daha yaxşı anlayırlar. Ümid edirik ki, bu dəfə də istədiyimiz oyunu meydanda göstərə biləcəyik. Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram. Bunun nə vaxt tam baş verəcəyini dəqiq demək çətindir, amma buna nail olacağımıza inanıram”.

Baş məşqçi transfer çalışmalarının davam etdiyini də vurğulayıb: “İşlərimiz davam edir. Mütləq iki transfer etmək istəyirik. Xeyirlisi olsun”.

“Qarabağ” və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

İdman.Biz