“Sabah”ın hücumçusu: “KuPS” səfərdə tamam fərqli oynayacaq”

22 İyul 2026 14:35
95
“Sabah”ın hücumçusu: “KuPS” səfərdə tamam fərqli oynayacaq”

“Fikrimcə, çox yaxşı oynadıq, sadəcə daha çox qol vurmağı bacarmadıq. Amma “KuPS” yaxşı komandadır, əminəm ki, gələn həftə 100% fərqli futbol oynayacaqlar”.

Bunu “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib.

32 yaşlı hücumçu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Bank Respublika Arena”da Finlandiyanın “KuPS” klubunu 1:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı danışıb.

“Bəli, qələbə qazandıq, amma məyusuq. 4:0 hesabı ilə qalib gələ bilərdik və ya gəlməli idik. Amma sonda istədiyimiz qələbəni qazandıq. Gələn həftə fərqli bir oyun olacaq, səfərdə oynayacağıq. İnanırıq ki, sonda qələbə bizimdir”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Mikels qarşılaşmada “Sabah”ın ləğv edilən ilk qolu zamanı hakimin qərarını ədalətli hesab edib:

“Yox, qol deyildi. Gördüm ki, hücumçu başlanğıcda topa toxunmamışdı. Mən də hakim kimi gördüm”.

O, növbəti görüşdə bəzi səhvləri aradan qaldırmağa çalışacaqlarını bildirib:

“Hər həftə olduğu kimi gərgin məşq edəcəyik, diqqətimizi cəmləyəcəyik. Qol epizodlarını dəyərləndirmək, son zərbələr üzərində bir az çalışmalıyıq. Ümid edirəm ki, cavab görüşündə də qalib gələrək mərhələni keçəcəyik”.

İdman.Biz