“Sabah” rəqibini əzib keçdi”: Finlandiya mətbuatı ilk oyunu belə dəyərləndirdi – İDMAN.BİZ-in İCMALI

22 İyul 2026 15:26
94
“Sabah” rəqibini əzib keçdi”: Finlandiya mətbuatı ilk oyunu belə dəyərləndirdi – İDMAN.BİZ-in İCMALI

Finlandiya mətbuatı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “KuPS”a qarşı ilk oyununda “Sabah”ın çıxışını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, Masazırda keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatsa da, fin jurnalistlər meydan sahiblərinin üstünlüyünün daha böyük hesabla nəticələnə biləcəyini düşünürlər.

Belə ki, MTV Uutiset nəşri “KuPS” minimum itki ilə yaxa qurtardı” başlıqlı yazı dərc edib. Məqalədə qeyd olunub ki, oyunun ilk yarım saatında Finlandiya komandası “tamamilə əzici təzyiq altında qalıb”, “Sabah” isə çoxsaylı təhlükəli qol epizodları yaradıb.

Müəllifin fikrincə, “KuPS” daha ağır məğlubiyyətdən yalnız bəxti və qapıçı Yohannes Kreyldin etibarlı oyunu sayəsində yayına bilib. Bildirilir ki, yekun hesab qonaqlar üçün daha ağır ola bilərdi.

Sportti.com da Azərbaycan klubunun aşkar üstünlüyünü etiraf edib. Nəşr yazıb ki, “Sabah” meydanda birmənalı şəkildə dominantlıq edib və rəqibin 5 zərbəsinə qarşılıq 18 zərbə endirib. Hesab minimal olsa da, fin jurnalistlər hesab edirlər ki, Bakı təmsilçisi növbəti mərhələyə yüksəlmək yolunda ilk addımı atıb.

Öz növbəsində, Finlandiyanın milli televiziya və radio şirkəti “Yle” təkcə oyunun gedişinə deyil, həm də “Sabah”ın beynəlmiləl heyətinə diqqət yetirib. Azərbaycan çempionunun start heyətində yalnız iki yerli futbolçu meydana çıxıb.

“Yle” həmçinin vurğulayıb ki, “KuPS” ilk hissənin ilk yarısında demək olar ki, öz cərimə meydançasına sıxışdırılıb. Nəşrin qənaətinə görə, finlərin minimal hesabla geridə qalmasında bəxt və qapıçı Kreyldin əla çıxışı mühüm rol oynayıb, “Sabah” isə bir neçə yüksək səviyyəli qol imkanı yaradıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 28-də Kuopio şəhərində keçiriləcək.

İdman.Biz