“Neftçi” futbol klubu yenilənmiş saytını istifadəyə verib

22 İyul 2026 12:52
110
“Neftçi” futbol klubu yenilənmiş saytını istifadəyə verib

Azərbaycanın “Neftçi” Peşəkar Futbol Klubu rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsi çərçivəsində tamamilə yenilənmiş rəsmi veb saytını istifadəyə verib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi yeni platforma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, yeni sayt yalnız vizual yenilənmə ilə kifayətlənmir. Platforma arxitektura, dizayn, verilənlər bazası və təhlükəsizlik sistemləri daxil olmaqla, müasir texnologiyalar əsasında sıfırdan hazırlanıb.

Klubun neftchi.az ünvanında fəaliyyət göstərən yeni rəsmi saytı “Neftçi”nin brend kimliyinə uyğun şəkildə yenidən qurulub. Premium tünd interfeys, dinamik ana səhifə və klub rənglərini əks etdirən vizual elementlər “ağ-qaralar”ın ruhunu ön plana çıxarır.

İstifadəçilər saytda gecə və gündüz rejimləri arasında seçim edə biləcəklər. Ana səhifədə yerləşdirilən canlı gerisayım paneli növbəti qarşılaşmanın rəqibini, məkanını və oyunun başlanmasına qalan vaxtı real rejimdə göstərir.

Yenilənmiş turnir cədvəli bölməsində əsas komanda ilə yanaşı, “Neftçi-2”, U-10-dan U-19-a qədər yaş qrupları və qızlar komandaları daxil olmaqla 14 kollektivin nəticələri təqdim olunur.

Saytın xəbərlər bölməsi kateqoriyalar üzrə filtrasiya və müasir dizaynla yenilənib. “Neftçi TV” isə klubun bütün video kontentini bir platformada birləşdirən formatda hazırlanıb. Həmçinin “Neftçi”nin 1937-ci ildən başlayan tarixi və nailiyyətləri interaktiv “Tarix” bölməsində təqdim edilir.

Bilet satışı platforması və rəsmi onlayn mağaza da yeni sayta inteqrasiya olunub. Platforma “App Store” və “Google Play”də yayımlanan rəsmi “Neftçi PFK” mobil tətbiqi ilə vahid rəqəmsal ekosistem təşkil edir.

Yeni sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

İdman.Biz
Məqalədə: