Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

22 İyul 2026 09:38
111
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

Azərbaycanın UEFA reytinqində 2026/2027-ci illər avrokubok mövsümü üzrə qazandığı əmsal artmaqda davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycan Premyer Liqası təmsilçilərinin avrokuboklardakı uğurlu çıxışları nəticəsində ölkənin cari mövsümdə topladığı əmsal 1,750 xala yüksəlib.

Belə ki, ilk təsnifat mərhələsində “Sabah”, “Qarabağ” və “Zirə” komandaları mərhələ adlayaraq ölkə reytinqinə mühüm töhfə veriblər. “Sabah” UEFA Çempionlar Liqasında Uelsin TNS klubunu hər iki oyunda məğlub edib (2:0, 2:1), “Qarabağ” UEFA Avropa Liqasında İslandiyanın “Vestri” komandasını iki görüşdə 3:0 hesabı ilə üstələyib, “Zirə” isə UEFA Konfrans Liqasında Gürcüstanın “Torpedo” klubunu ümumi 6:0 hesabı ilə mübarizədən kənarlaşdırıb.

Son olaraq isə “Sabah” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın KuPS komandasını 1:0 hesabı ilə məğlub edərək Azərbaycanın əmsalına daha 0,250 xal qazandırıb.

Bu nəticədən sonra Azərbaycanın ümumi UEFA reytinqi 20,312 xala çatıb. Komanda 26-cı pillədə qərarlaşsa da, 25-ci yerdə olan İsraillə xal fərqini daha da azaldıb. Hazırda İsrailin hesabında 20,750 xal var. 27-ci pillədə qərarlaşan Bolqarıstan isə 18,562 xala malikdir.

Qeyd edək ki, UEFA ölkələr reytinqinə hazırda 101,852 xalla İngiltərə başçılıq edir.

İdman.Biz