UEFA daxilində FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya qarşı alternativ namizədin irəli sürülməsi ilə bağlı müzakirələr intensivləşib.
İdman.Biz xəbər verir ki, Avropa futbol qurumunda 2027-ci ildə keçiriləcək FIFA prezident seçkisində İnfantinonun rəqibsiz qalmasını istəməyənlərin sayı artır. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
UEFA prezidenti Aleksander Çeferin seçkidə iştirak etməyi planlaşdırmır. Mümkün namizədlərdən biri kimi Polşanın “Legiya” futbol komandasının sahibi və prezidenti Dariuş Mioduskinin adı çəkilir.
Mioduski Avropa futbol strukturlarında da fəaliyyət göstərir və Avropa Klublar Assosiasiyasının rəhbərliyində təmsil olunur. Lakin onun namizədliyi ilə bağlı hələ yekun qərar verilməyib.
Canni İnfantino 2026-cı ilin aprelində yenidən FIFA prezidenti seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçki 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədlərin irəli sürülməsi üçün son tarix 2026-cı il noyabrın 18-dir.
İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə rəqibi olmadan yenidən prezident seçilib.
