İngiltərənin “Nyukasl” futbol komandasının braziliyalı yarımmüdafiəçisi Bruno Gimaraeş üçün tələb olunan məbləğ 100 milyon funta yaxın müəyyənləşdirilib.
İdman.Biz xəbər verir ki, klub rəhbərliyi 28 yaşlı futbolçunu təxminən yarı qiymətinə sata biləcəyi barədə yayılan məlumatları təkzib edib. “Nyukasl” Gimaraeşi dünyanın ən güclü yarımmüdafiəçilərindən biri hesab edir və onun transfer dəyərini də buna uyğun müəyyənləşdirib.
Mənbələrin məlumatına görə, “Nyukasl” yalnız 80 milyon funtdan (181,7 milyon AZN) yüksək təkliflərdən sonra danışıqlara başlamağı düşünə bilər. Klubun braziliyalı futbolçu üçün əsas tələbi isə 100 milyon funta (227,1 milyon AZN) yaxındır.
“Nyukasl” rəhbərliyi bu qiymətin transfer bazarındakı son sövdələşmələrə uyğun olduğunu düşünür. İngiltərə klubu Sandro Tonalini 92,5 milyon funt və 7,5 milyon funt bonus qarşılığında “Tottenhem”ə satıb. Transferin ümumi dəyəri 100 milyon funta (227,1 milyon AZN) çata bilər.
“Nyukasl”ın yetirməsi Elliot Anderson da “Nottinqem Forest”dən “Mançester Siti”yə 116 milyon funta (263,4 milyon AZN) keçərək ən bahalı britaniyalı futbolçu olub. Klub rəhbərliyi Gimaraeşin də bu futbolçularla eyni qiymət kateqoriyasına daxil olduğunu düşünür.
Braziliyalı yarımmüdafiəçinin transferi uğrunda əsas namizəd “Arsenal”dır. “Nyukasl” daxilində London təmsilçisinin futbolçunu endirimli qiymətə ala biləcəyi barədə yayılan xəbərlərin ciddi qarşılanmadığı bildirilir.
Gimaraeşin özü isə karyerasını “Arsenal”da davam etdirmək istəyir.
“Nyukasl” Gimaraeşi satmaq məcburiyyətində olmadığını bildirir. Klubun mövqeyinə əsasən, “Arsenal” transferi reallaşdırmaq istəyirsə, braziliyalı yarımmüdafiəçinin Premyer Liqanın ən güclü oyunçularından biri statusuna uyğun təklif göndərməlidir.
