“Sabah”ın oturuşmuş heyəti var, komandadan qələbə gözləyirəm”.
Bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev “Sabah”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində bu gün Uelsin TNS komandası ilə keçirəcəyi cavab görüşü ilə bağlı danışarkən deyib.
Azərbaycan təmsilçilərinin avrokuboklara uğurlu start verdiyini bildirən veteran futbolçu “Sabah”ın ilk oyundakı inamlı çıxışını yüksək qiymətləndirib.
“Klublarımızın builki startı uğurlu alındı. “Sabah” ilk oyunda həqiqətən də inamlı qələbə qazandı. İnanıram ki, komanda cavab görüşündən də lazımi nəticə ilə dönəcək. Çünki komandanın artıq oturuşmuş oyun üslubu, özünəməxsus dəst-xətti var və onlar bu sistemdən kənara çıxmırlar. Rəqib meydanında rahat oyun gözləmirəm, lakin heyətdə böyük dəyişikliklərin edilməməsi və futbolçuların bir-birini yaxşı anlaması bugünkü oyunda qələbə qazanacağımıza ümid verir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
A.Nəbiyev komandanın turnirdəki gələcək perspektivləri və əsas mərhələyə vəsiqə qazanmaq şansları barədə də danışıb:
“Sabah”ın Avropa arenalarında böyük tarixi və zəngin təcrübəsi olmasa da, son bir ildə komanda ciddi təcrübə toplayıb. Hər oyundan-oyuna daha da inkişaf edəcəklərinə inanıram. Ümumilikdə həm “Qarabağ”, həm də “Zirə” mübarizəyə yaxşı başlayıb. Bu mənada, “Sabah”ın da əsas mərhələyə vəsiqə qazanacağına ümidim çoxdur”.
Klubun heyətinin gücləndirilməsi və transferlərə toxunan mütəxəssis hazırda komandada ciddi bir boşluq görmədiyini qeyd edib:
“Təbii ki, heyətin geniş olması məşqçinin seçim imkanlarını artırır və hər bir mövqeyə rəqabət üçün yeni oyunçu cəlb edilə bilər. Lakin bu gün “Sabah”da hansısa mövqedə ciddi problem olduğunu düşünmürəm. Komanda tam formalaşıb. Hələ transfer pəncərəsinin bağlanmasına vaxt var və məşqçilər korpusu hər oyundan sonra çatışmazlıqları analiz edərək lazımi addımları atacaq. Əsl gücümüz və heyətdəki real boşluqlar qarşıdakı mərhələlərdə daha güclü rəqiblərlə qarşılaşdıqda tam bəlli olacaq”.
Qeyd edək ki, Ozuestri şəhərində yerləşən “Park Hall”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı Polşadan olan hakim Mateo Buskets Ferrer idarə edəcək.
Bakıda baş tutan ilk oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
