“Şəfa”nın legioneri: “Mövsümə ən yaxşı şəkildə hazırlaşırıq”

14 İyul 2026 12:07
79
“Şəfa”nın legioneri: “Mövsümə ən yaxşı şəkildə hazırlaşırıq”

“Hazırda bütün komanda ilə birlikdə mövsümöncəsi hazırlığa yeni başlamışıq. Təlim-məşq toplanışının ilk mərhələsindəyik. Addım-addım fiziki hazırlığımızı artıracaq, hər gün daha da inkişaf edəcəyik ki, qarşıdakı mövsümə mümkün qədər yaxşı hazır olaq”.

Bu sözləri “Şəfa” futbol klubunun yeni transferi Musa Queli deyib.

27 yaşlı fransalı futbolçu paytaxt klubuna keçidindən danışıb:

“Bakıya gəlməmişdən əvvəl “Neftçi”də çıxış etmiş dostum Ervin Koffi ilə tez-tez danışırdım. Klubdan təklif gələndə rəhbərlik və baş məşqçi ilə söhbət etdim. Qərar verməkdə heç bir tərəddüd etmədim. “Şəfa” ilə bu yeni macəranın bir parçası olmaq istədim. Məqsədlərimiz tam aydındır. Biz Premyer Liqaya yeni yüksəlmiş bir klubuq və rəhbərliyin uzunmüddətli layihəsi var. Bu mövsüm əsas hədəfimiz elitada yerimizi qorumaqdır. Bunun çətin olacağını bilirik, çünki çempionat çox rəqabətlidir. Amma məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, mövsümün sonunda istəyimizə nail olarıq”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Queli son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.

İdman.Biz
Məqalədə: