Laporta Alvarez transferindən danışdı: “Təklifimiz açıq qalır”

13 İyul 2026 10:28
98
Laporta Alvarez transferindən danışdı: “Təklifimiz açıq qalır”

“Barselona”nın prezidenti Xuan Laporta klubun transfer planları barədə açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvarez üçün rəsmi təklif etdiklərini təsdiqləyib.

“Bəli, Xulian Alvarez üçün təklif etmişik. Aydındır ki, biz heç kimin diktəsi ilə hərəkət etməyəcəyik. Təklifimiz qüvvədə qalır və onun üçün hər hansı vaxt məhdudiyyəti yoxdur. Bu futbolçunu transfer etmək istəyimiz səmimidir. Baş məşqçimiz və idman direktorumuz onun böyük azarkeşidir. O, əla oyunçudur. "Atletiko Madrid"lə münasibətlərimizin çox yaxşı olduğunu düşünürəm. Təklifimizlə bağlı müəyyən anlaşılmazlıq yaranmışdı və mən buna aydınlıq gətirdim”, - deyə Laporta bildirib.

Klub prezidenti həmçinin Alvarezin İsveçrə ilə oyunda vurduğu qolu da yüksək qiymətləndirib.

“Bu, həqiqətən də çox gözəl qol idi”, – deyə o əlavə edib.

Laporta Rafinyanın gələcəyi ilə bağlı yayılan iddialara da münasibət bildirib və braziliyalının komandada qalacağını vurğulayıb.

“Bəli, onun “Barselona”dan ayrılmasını istəmirik. Əksinə, Rafinya komandamızın əsas oyunçularından biridir. Qordon və Adeyeminin transferi hücum xəttimizi ciddi şəkildə gücləndirir. Amma bu, Rafinyadan imtina edəcəyimiz anlamına gəlmir. O, bizim üçün həlledici futbolçudur. Təəssüf ki, ötən mövsüm La Liqa, Çempionlar Liqası və Kubokun son mərhələsində öz maksimumunu göstərə bilmədi. Düşünürəm ki, əks halda nəticələr fərqli olardı”, – deyə Laporta vurğulayıb.

O, yeni transfer Kərim Adeyemi barədə də xoş sözlər deyib:

“Adeyeminin gəlişinə görə çox həyəcanlıyıq. Uzun müddətdir bəyəndiyimiz futbolçudur. O, təhlükəli və son dərəcə sürətli oyunçudur. Hesab edirəm ki, Deko bu transferi uğurla başa çatdırdı”.

İdman.Biz