Braziliya futbol millisinin hücumçusu Neymar DÇ-2026 ilə vidalaşdıqdan sonra Las-Veqasda keçirilən poker turnirində iştirak edib.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu Dünya Poker Seriyası (WSOP) çərçivəsində təşkil olunan 10 min dollar (17 min manat) iştirak haqqına malik “No-Limit Hold’em 6-Handed Championship” turnirinə qatılıb. Neymarın iştirakı yarışın təşkilatçıları tərəfindən rəsmən açıqlanıb.
WSOP-un 94 nömrəli turniri iyulun 11-də başlayıb. “Six-Max” formatında hər masa arxasında maksimum altı iştirakçı yer alır. Yarış “freezeout” sistemi ilə keçirilir və mübarizəni dayandıran pokerçiyə yenidən turnirə qoşulmaq imkanı verilmir.
Neymar bu dəfə peşəkar pokerçilərlə mübarizə aparacaq. Las-Veqasdakı turnirin çərşənbə gününədək davam etməsi nəzərdə tutulub.
Braziliyalı futbolçu uzun müddətdir pokerə marağı ilə tanınır. O, daha əvvəl də WSOP yarışlarında iştirak edib. Neymar 2025-ci ildə onlayn poker üzrə yüksək səviyyəli turnirin final masasına qədər yüksəlmiş və yeddinci yeri tutub.
Braziliya millisi DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. İkinci hissədə meydana daxil olan Neymar komandasının yeganə qolunu kompensasiya vaxtında penaltidən vurub.
Hücumçunun iyulun 17-də “Santos”un düşərgəsinə qayıdaraq Braziliya çempionatına hazırlığı davam etdirməsi gözlənilir.
