İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Alexandro Qarnaço bu yay komandadan ayrıla bilər.
İdman.Biz xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçunu icarəyə vermək əvəzinə birdəfəlik satmağa üstünlük verir. Bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Qarnaçonun transfer qiymətinin təxminən 50 milyon avro (100 milyon manat) olacağı bildirilir. Futbolçu gələcək taleyinin qarşıdakı iki həftə ərzində həll edilməsi gözlənildiyi üçün hələ mövsümöncəsi məşqlərə qoşulmayıb. Daha əvvəl klub rəhbərliyinin argentinalı oyunçunun transferinin özünü doğrultmadığı qənaətinə gəldiyi açıqlanmışdı.
Qarnaço 2025-ci ilin avqustundan “Çelsi”də çıxış edir. London klubu onu “Mançester Yunayted”dən 40 milyon avroya (80 milyon manat) transfer edib. Futbolçunun müqaviləsi 2032-ci ilədək nəzərdə tutulub.
Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxaraq səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib.
