“Qarabağ” futbol klubunun rəqibi olan “Vestri” İslandiya çempionatının güclü komandalarından deyil. Düşünmürəm ki, bu rəqib Ağdam təmsilçisinə ciddi problem yarada bilsin”.
Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” ilə oyunundan gözləntilərini bölüşüb.
“Məncə, “Qarabağ” üçün əsas məsələ rəqibdən daha çox öz oyununu formalaşdırmaqdır. Komandada yeni transferlər var, bəzi futbolçular ilk dəfə rəsmi oyunlarda birlikdə çıxış edəcəklər. Onların bir-birinə uyğunlaşması, baş məşqçinin oyun tələblərini tam mənimsəməsi və meydanda qarşılıqlı anlaşmanın formalaşması üçün müəyyən vaxt lazımdır. Bu baxımdan, ilk təsnifat mərhələsində “Vestri” kimi nisbətən zəif rəqiblə qarşılaşmaq “Qarabağ” üçün əlverişli variantdır. Belə oyunlar komandanın ritm qazanmasına, yeni futbolçuların kollektivə daha tez inteqrasiya olunmasına və məşqçinin taktiki planlarını praktikada sınamasına imkan verir. Düşünürəm ki, “Qarabağ” hər iki görüşdə oyuna ciddi yanaşacağı təqdirdə, üstünlüyünü nümayiş etdirəcək və növbəti mərhələyə yüksəlməkdə ciddi çətinlik çəkməyəcək. Bu cütün aşkar favoriti məhz Azərbaycanın vitse-çempionudur”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
