“Hazırda bütün fikrimiz cavab oyunundadır”.
Bunu UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Torpedo” klubunu 3:0 hesabı ilə məğlub edən “Zirə”nin kapitanı Qismət Alıyev AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- İlk oyunda 3:0 hesablı qələbə qazandınız. Matçı necə dəyərləndirirsiniz?
- Bilirdik ki, bizi güclü rəqiblə oyun gözləyir. “Torpedo” ölkə superkubokunun son qalibidir. Təlim-məşq toplanışında vaxtımız az olsa da, yaxşı hazırlaşmağa çalışdıq. Öz aramızda da danışırdıq ki, bu oyunda əlimizdən gələnin ən yaxşısını etməliyik. Avrokuboklarda hər mərhələ həm klubun, həm də futbolçuların inkişafı üçün böyük əhəmiyyət daşıyır. 3:0 hesabı ilə qalib gəlsək də, cavab görüşünün daha çətin keçəcəyini düşünürəm.
- Sizcə, cavab oyununda “Zirə”ni nələr gözləyir?
- Meydan və azarkeş amili rəqibin xeyrinə olacaq. Onlar ilk dəqiqələrdən hücuma atılacaqlar. Biz də oyuna çox diqqətli və istəkli başlamalıyıq. Bu hesab bizi qətiyyən arxayınlaşdırmamalıdır.
- Rəqibdən fərqli oyun gözləyirsiniz?
- Bəli. İlk matçı analiz edib müəyyən dəyişikliklər edə bilərlər. Biz isə hər cür ssenariyə hazır olmalıyıq. İlk oyunda planlaşdırdıqlarımızı yerinə yetirdik, amma qarşıda bizi daha çətin 90 dəqiqə gözləyir.
- Ötən mövsüm Premyer Liqanı beşinci pillədə başa vurdunuz. Lakin “Turan Tovuz”a tətbiq edilən sanksiya səbəbindən avrokuboklara vəsiqə məhz “Zirə”yə verildi...
- Açığı, bu, hamımız üçün üzücü oldu. Avropada çıxış edən hansı Azərbaycan klubu olursa-olsun, hamımız ona dəstək olmalıyıq. Ümid edirəm ki, gələcək mövsümlərdə “Turan Tovuz” yenidən avrokuboklarda çıxış edəcək.
- Bu mövsüm rəhbərlik tərəfindən qarşınıza hansı hədəflər qoyulub?
- Hazırda bütün fikrimiz cavab oyunundadır. Ümumilikdə isə komandamız son illərdə daim avrokuboklarda mübarizə aparır. Məqsədimiz Premyer Liqada yuxarı pillələr uğrunda oynamaq və növbəti mövsüm yenidən avrokuboklara vəsiqə qazanmaqdır.
- Kapitan olaraq necə düşünürsünüz, hansı mövqe üçün transferə ehtiyac var?
- Bu barədə fikir bildirməyim düzgün olmaz. Bunu baş məşqçimiz daha yaxşı bilir.
