“Çətin qarşılaşma olacaq. “Zirə” FK UEFA Konfrans Liqasındakı oyuna hazırdır”.
Bu sözləri İdman.Biz-in sualına cavabında “Zirə”nin kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Gürcüstan “Torpedo”su ilə oyundan öncə mətbuat konfransında deyib.
Cinah müdafiəçisi Bakıda Gürcüstanın “Torpedo” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
“Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq. Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq”.
Xatırladaq ki, “Zirə” - “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.
