İspaniyanın “Real Betis” futbol klubu “Real Madrid”in sol cinah müdafiəçisi Fran Qarsiyanı heyətinə qatmaq üçün danışıqları intensivləşdirib.
İdman.Biz xəbər verir ki, bu barədə transfer eksperti Matteo Morettoya istinadən İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, 26 yaşlı futbolçu “Real Madrid”in baş məşqçisi Xose Mourinyonun planlarına daxil deyil və yay transfer pəncərəsində komandadan ayrılması gözlənilən əsas oyunçulardan biridir.
“Real Madrid”in “Çelsi”dən Mark Kukurelyanı transfer etməsi Qarsiyanın “Santyaqo Bernabeu”da müntəzəm oyun praktikası qazanmaq şansını daha da azaldıb. Bundan başqa, Alvaro Karreras və Ferlan Mendi də sol cinah müdafiəçisi mövqeyində ondan öndə göstərilir.
Qarsiyanın mümkün gedişi Madrid klubunun maaş büdcəsində yer açmasına da kömək edə bilər. “Real Betis”in daha əvvəl “Real Madrid”lə adı hallanan Dani Sebalyosla da maraqlandığı qeyd olunur.
