Portuqaliya futbol millisinin hücumçusu Kriştianu Ronaldu üçün milli komanda sadəcə forma, kapitan sarğısı və rekordlar meydanı deyildi. O, 23 il ərzində Portuqaliyanı istedadlı futbolçular ölkəsindən titul qazanan, hər turnirdə iddialı görünən və rəqiblərin hesablaşdığı komandaya çevirdi. Və DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Portuqaliya - İspaniya (0:1) oyunu Ronaldunun son mundial matçı oldu. Milli karyerasını bitirəcəyi vaxtı isə sonraya saxladı.
İdman.Biz xəbər verir ki, Ronaldunun millidəki karyerası dünya futbolunun ən böyük fərdi hekayələrindən biri kimi yadda qaldı. 2003-cü ildə Portuqaliya yığmasında debüt edən ulduz futbolçu 233 oyuna çıxıb, 146 qol vurub və kişilər arasında milli komandalar səviyyəsində dünya rekorduna sahib olub. Bu göstəricidə onu Lionel Messi (Argentina, 124 qol), Əli Dayi (İran, 108 qol) və Sunil Çetri (Hindistan, 95 qol) izləyir.
Amma Ronaldunun mirası yalnız rəqəmlərlə ölçülmür. Onun Portuqaliya üçün əsas dəyəri komandanın xarakterini dəyişməsindədir. Ronalduya qədər Portuqaliya böyük istedadlar ölkəsi idi, amma əsas milli komanda səviyyəsində böyük kuboku yox idi. Luiş Fiqu, Rui Koşta və Deku kimi ulduzlar gözəl futbol oynayan nəsil yaratmışdılar. Ronaldu dövründə isə bu komanda Avro-2016 ilə tarixinin ilk böyük titulunu qazandı, ardınca Millətlər Liqasında iki dəfə zirvəyə çıxdı.
Portuqaliyaya Ronaldu ilə gələn çempionluq
Bu yolun ən emosional dayanacağı Avro-2016 oldu. Finalda zədələnərək meydanı tərk edən Ronaldu həmin gecə qol vurmadı, amma liderliyini itirmədi. O, kənar xəttdə komandasını ayaqda saxladı və Portuqaliya tarixində ilk böyük titulunu qazandı. Bu, Ronaldunun millidəki ən böyük cavabı idi: liderlik bəzən meydanda qaçmaq yox, komandanı ruhən daşımaqdır.
Sonrakı illərdə Portuqaliya 2019 və 2025-ci illərdə Millətlər Liqasını qazandı. Beləliklə, Ronaldu milli komanda ilə üç böyük titulun sevincini yaşadı. Bu nəticə onun Portuqaliya futbolundakı yerini daha da möhkəmləndirdi.
DÇ-2026 isə onun mundial səhnəsində son dayanacağı oldu. Ronaldu altı dünya çempionatında iştirak etdi, mundiallarda 27 oyuna çıxdı və 11 qol vurdu. 2018-ci ildə dünya çempionatında İspaniyaya qarşı het-triki isə onun mundial tarixində ən parlaq fərdi çıxışlarından biri kimi qaldı. O, dünya çempionatı matçında het-trik edən ən yaşlı futbolçu oldu. Növbəti oyunda Mərakeşlə qarşılaşmada yeganə qolu vuraraq Portuqaliyaya 1:0 hesablı qələbə qazandırdı və 85-ci milli qolu ilə Ferens Puşkaşın Avropa futbolçuları arasında rekordunu geridə qoydu. Turnirdəki çıxışına görə Ronaldu dünya çempionatının “Arzular komandası”na daxil edildi.

“Real Madrid”də qurulan imperiya
Klub karyerası da Ronaldunun niyə ayrıca futbol epoxası sayıldığını göstərir. O, “Real Madrid” irsinin bir hissəsidir. Maraqlıdır ki, millidəki böyük dövrünün tamamlandığı 6 iyul tarixi onun karyerasının ən parlaq klub səhifəsinin başladığı günlə üst-üstə düşür. Məhz 6 iyul 2009-cu ildə Ronaldu “Santyaqo Bernabeu”da “Real Madrid” futbolçusu kimi təqdim olunub. Həmin mərasimdə onun yanında Eysebio və Alfredo Di Stefano da yer alıb. O gündən sonra isə qollar ard-arda gəlib.
Ronaldu “Real Madrid”in heyətində 438 rəsmi oyunda 451 qol vurub. İştirak etdiyi bütün turnirlərdə fərqlənib: La Liqada 312, Çempionlar Liqasında 105, İspaniya Kubokunda 22, Klublararası dünya çempionatında altı, İspaniya Superkubokunda dörd, UEFA Superkubokunda isə iki qol.
Klub tarixində heç kim portuqaliyalı hücumçu qədər qol vurmayıb. Ronaldu “Real Madrid” futbolçusu kimi zəngin titul kolleksiyasına da sahibdir: dörd Çempionlar Liqası, üç Klublararası dünya çempionluğu, üç UEFA Superkuboku, iki La Liqa çempionluğu, iki İspaniya Kuboku və iki İspaniya Superkuboku. Bu mükafatlar siyahısını dörd “Qızıl top”, üç “Qızıl buts”, iki “The Best” mükafatı tamamlayır. O, üç dəfə UEFA tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilib və üç dəfə “Piçiçi” mükafatını qazanıb.
“Real Madrid”də keçirdiyi doqquz mövsüm ərzində Ronaldu bir sıra rekordlara imza atıb: klub tarixinin ən yaxşı bombardiri, Avropa Kuboku tarixinin ən yaxşı qolçusu, Çempionlar Liqasında “Real Madrid” üçün 105 qol, La Liqada ən çox qol vuran “Real Madrid” oyunçusu - 312 qol, La Liqa tarixində üç və daha çox qol vurduğu oyunların sayına görə rekordçu - 34 oyun, həmçinin “Real Madrid” futbolçusunun bir mövsümdə vurduğu ən çox qol - 61 qol.
Klubdakı dövründə o, Çempionlar Liqasının bir mövsümündə ən çox qol vurmaq rekordunu da müəyyənləşdirib - 17 qol. Ronaldu altı dəfə bu turnirin bombardiri olub. Klub prezidenti Florentino Peres onu “Alfredo Di Stefanonun varisi” adlandırıb.
Ümumilikdə, Ronaldu rəsmi karyerası ərzində 976 qol vurub və bu göstərici ilə futbol tarixinin ən məhsuldar oyunçusu sayılır.
Yarımçıq arzu, tamamlanan əfsanə
Ronaldunun böyüklüyü təkcə istedadında deyildi. O, özünü intizam, fiziki hazırlıq, qalibiyyət aclığı və peşəkarlıq üzərində quran idman modelinə çevirib. Madeyrada kasıb ailədən çıxan uşaq futbol tarixinin ən güclü brendlərindən birinə çevrilməyi bacarıb.
Bəli, onun karyerasında dünya çempionluğu olmadı. Amma bu, Ronaldunun hekayəsini yarımçıq qoymur. O, hər şeyi qazanan rahat əfsanə kimi yox, son ana qədər ən böyük arzusunun arxasınca gedən döyüşçü kimi yadda qalır.
Ronaldu milli karyerasını bitirdikdən sonra Portuqaliya yalnız bir futbolçunu itirməyəcək. Belə ki, komanda illərlə hücumda onun instinktinə, soyunub-geyinmə otağında liderliyinə, meydanda isə rəqibə yaratdığı psixoloji təzyiqə güvənib. İndi Portuqaliya Bruno Fernandeş, Bernardo Silva, Rafael Leau, Juan Feliks və Qonsalu Ramuş kimi futbolçularla yeni dövr qurmalıdır.
Amma bir həqiqət dəyişməyəcək: Ronaldulu Portuqaliya bir dəfə yaşandı. O dövrün adı isə Kriştianu Ronaldu olaraq qalacaq.
