Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku”nun rəsmi açılış mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, bu barədə Xüsusi Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, açılış mərasiminin ən yaddaqalan anlarından biri İdmançıların Paradı olub. Parad zamanı 23 ölkəni təmsil edən 324 futbolçu Şarleti Stadionunda qürurla yürüş edərək yüzlərlə azarkeş, ailə üzvləri, fəxri qonaqlar, dövlət nümayəndələri, könüllülər və turnirin dəstəkçiləri tərəfindən qarşılanıb.
Açılış mərasimi başa çatdıqdan sonra diqqət futbol oyunlarına yönəlib. Azərbaycan turnirdə qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) komandası ilə təmsil olunur. 11 bir nəfərdən ibarət yığma B qrupunda Namibiya, Amerika Birləşmiş Ştatları və Qvatemala ilə mübarizə aparacaq.
Qeyd edək ki, iyulun 11-nə qədər davam edəcək turnirdə 23 ölkədən 24 komanda – 12 kişi və 12 qadın komandası mübarizə aparır. Yarışlar inklüziv idmanın inkişafına töhfə vermək, bərabər imkanların təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır.
