Argentinada Lionel Messinin dünyanın ən hündür heykəlinin təqdimatından sonra, onun müəllifi, argentinalı heykəltəraş Aldo Beroisa diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, təqdimatdan sonra sosial şəbəkələrdə və müxtəlif internet resurslarında heykəlin görünüşü geniş müzakirələrə səbəb olub.
Bir çox istifadəçi Messinin obrazının uğursuz alındığını bildirib, heykəli məsxərə obyektinə çevirib və müəllif sərt tənqidlərə məruz qalıb.

Lakin Beroisanın yaradıcılığına qısa nəzər yetirsək, görərik ki, onu yalnız bu heykələ görə qiymətləndirmək düzgün olmaz.Argentinalı heykəltəraş peşəkar incəsənət təhsili almayıb. O, özünü bu sənətə həsr etmiş həvəskar heykəltəraşdır. Belə ki, əsl peşəsi dəmir yolu texniki olan Beroisa 1992-ci ildə Argentinada dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı ixtisara düşərək işini itirib. Məhz bundan sonra o, heykəltəraşlığı müstəqil şəkildə öyrənməyə başlayıb.
İlk vaxtlar geyim mağazaları üçün manekenlər və Yeni il fiqurları hazırlayan Beroisa sonradan nəhəng monumental əsərlərə üz tutub. O, Patagoniyada(ölkənin cənub bölgəsi) açıq hava şəraitində köhnə neft borularından metal karkaslar qaynaq edərək iri həcmli heykəllər hazırlayır. Yaradıcılığında isə İtaliya intibah dövrünün böyük ustalarından, xüsusilə Mikelancelodan ilham aldığını gizlətmir.
Onun ən məşhur əsərlərindən biri Kutral-Ko şəhəri yaxınlığında yerləşən, təxminən 15 metr hündürlüyündə İsa Məsihin nəhəng heykəlidir. Bu abidə şəhərin qeyri-rəsmi rəmzinə çevrilib.

Beroisa həmçinin Folklend müharibəsi(Folklend müharibəsi 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Cənubi Atlantik okeanındakı Folklend adaları uğrunda baş vermiş 74 günlük silahlı münaqişədir – red) veteranlarına həsr olunmuş, diz çökmüş əsgəri təsvir edən 17 metr hündürlüyündə və təxminən 160 ton ağırlığında monumental abidənin müəllifidir.

Bundan başqa, o, Neuken bölgəsində paleontologiya muzeyləri və şəhər meydanları üçün real ölçülü Patagoniya dinozavrlarının heykəllərini hazırlayıb, həmçinin bölgə sakinlərinin ağır əməyini və yerli xalqları tərənnüm edən kompozisiyalar yaradıb.

Beləliklə, Lionel Messinin heykəli internetdə mübahisələr və istehzalar doğursa da, Aldo Beroisanın yaradıcılığı təkcə bu əsərlə məhdudlaşmır. Özünüinkişaf yolu ilə sənətə gələn argentinalı heykəltəraş uzun illər ərzində ölkəsində monumental əsərləri ilə tanınıb və dünyanın diqqətini cəlb etməzdən əvvəl də özünəməxsus yaradıcılıq üslubu formalaşdırmağı bacarıb.
