“Qarabağ”ın təlim-məşq toplanışı üçün Avstriyaya Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevi də aparması gözlənilməz oldu. Qurban Qurbanov tərəfindən aylar əvvəl intizamsızlığa görə əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 25 yaşlı futbolçunun kollektivə qoşulsa da, gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Qurbanovun milli üzvünü bağışlayıb-bağışlamadığı sualı isə hələ cavabsız qalır.
Elvin Cəfərquliyevin atası Eldar Cəfərquliyev məsələ ilə bağlı teleqraf.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
O, oğlunun “Qarabağ”dakı durumu, gələcəyi və digər sualları cavablandırıb.
– Elvin Cəfərquliyevin əsas komandaya qayıtması necə baş verdi?
– Tam dəqiqliklə bilmirəm. Amma ağsaqqal Akif kişi sosial şəbəkələrdə də uzun müddətdir “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşmək arzusunda olduğunu, eyni zamanda Elvinin əsas komandaya qaytarılması ilə bağlı istəyini dilə gətirirdi. Görüş zamanı bu xahişini Qurban müəllimə çatdırıb. Qurban müəllim də onun xahişini yerə salmayıb. Həmin ağsaqqalın bu məsələdə rolu böyükdür. Planımız var ki, Elvini onunla görüşdürək. Mütləq onu görməliyik, öz təşəkkürümüzü bildirəcəyik. Akif kişinin Elvinə böyük sevgisi var. Elvin Avstriyadan qayıtdıqdan sonra onunla birlikdə görüşüb təşəkkür edəcəyik.
– Hazırda Elvin özünü necə hiss edir?
– Əla, özünü çox yaxşı hiss edir. “Qarabağ”la birlikdə Avstriyada məşq edir. Hələ klubla bir illik müqaviləsi var. “Qarabağ”da xoşbəxtdir. Görək, qarşıda necə olacaq.
– Növbəti mövsümü “Qarabağ”da keçirmək ehtimalı nə qədərdir?
– Yaxşı təkliflər olsa, klubla, Qurban Qurbanovla məsləhətləşəcəyik. Onlar icazə versələr, uyğun təklifi qəbul edəcək. Təbii ki, təklif Elvinin ürəyincə olmalıdır. Hazırda Elvin “Qarabağ”dadır, əsas komandaya qayıdıb, hər şey yaxşıdır.
– İntizamsızlığından və “Qarabağ”ın əsas komandasından uzaqlaşdırıldıqdan sonra onunla buna dair nə söhbətiniz olub?
– Bir ağsaqqal kimi yol göstərdim. Əslində elə böyük problem də yox idi. Hadisə baş verdi, cəzalandırıldı və yenidən kluba qayıtdı. Çalışmalıdır ki, bundan sonra daha intizamlı olsun.
– Qurban Qurbanovla şəxsi görüşünüz olub? Yaxud buna cəhd etmisiniz?
– O barədə məlumat verə bilməyəcəyəm. Çünki bunlar şəxsi məsələlərdir, hər şeyi açıqlamaq olmur.
– Elvinin sosial şəbəkələrdə etdiyi paylaşımlar da tənqid olunurdu. Bu, “Qarabağ”a eyham kimi anlaşılırdı…
– Həmin paylaşımların “Qarabağ”la heç bir əlaqəsi yoxdur. Elvin həmişə belə paylaşımlar edib, indi də edir. “Sabah”a ölkə kubokunda uduzub (1:2) mübarizəni dayandırandan sonra da paylaşım etdi (idman zalından qum saatı və ilan emojisi ilə - R.O.) onu başqa yerə yozdular. Amma bu, yanlışdır. Həmin vaxt məşqdə idi, məşqdə olarkən də paylaşım edib. Yəni bunlar düzgün yanaşma deyil. O vəziyyətdə Elvin nə paylaşsaydı, insanlara qıcıq verirdi. Amma bu paylaşımların “Qarabağ”la əlaqəsi yoxdur. Bu, onun öz komandasıdır. Elvinin hələ də “Qarabağ”la müqaviləsi var. Hətta bir gün “Qarabağ”dan ayrılsa belə, ürəyi yenə də bu klubda olacaq. Çünki burada inkişaf edib, burada tanınıb, bütün uğurlarını “Qarabağ”da qazanıb. Bunu nə danmaq, nə də unutmaq olar. Qurban Qurbanovun və “Qarabağ” rəhbərliyinin Elvin üzərində haqqı çoxdur. Bu, danılmaz faktdır. Bizim düşüncələrimiz bu cürdür.
– Oğlunuza Türkiyədən, İngiltərədən, Slovenyadan təklif olduğu deyilir. Bu, doğrudur?
– Təkliflər olur. Xeyirlisi olsun. Detallı açıqlama verə bilməyəcəyəm. Dəqiqləşməyən məsələlər barədə danışmağım düzgün olmaz. Elvinin özünün də bundan məlumatı yoxdur. İnşallah, qayıdar, onunla da aydınlaşdırarıq. Hazırkı durumu sizə çatdırdım. Ola bilər ki, Elvinin fikri ilə mənim fikrim üst-üstə düşməsin. Onun öz arzuları var.
– Onun daha çox hansı ölkədə çıxış etməsini istərdiniz?
– Avropanın Top-5 liqalarından birinin klubundan yaxşı təklif gəlsə, getməsini istəyərik. Bu, həm Elvin üçün, həm də “Qarabağ” üçün çox yaxşı olar. İlk azərbaycanlı futbolçulardan biri kimi həmin səviyyədə ölkəmizi təmsil etməsi də sevindirici olar. Bizim fikrimiz bu yöndədir.
