“İmişli” FK-nın sabiq baş məşqçisinin vida mesajı: “Ümid edirəm ki, bu, son görüş deyil”

1 İyul 2026 15:37
100
“İmişli” FK-nın sabiq baş məşqçisinin vida mesajı: “Ümid edirəm ki, bu, son görüş deyil”

“İmişli” futbol klubunun baş məşqçisi postundan ayrılan Jorj Kaşkilya Azərbaycanla vidalaşıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Artıq rəsmi olaraq “İmişli” ilə yolun sonuna gəldik. İlk növbədə futbolçulara təşəkkür etmək istəyirəm. Bu yolun əsl qəhrəmanları onlar idi. Mövsüm ərzində saysız-hesabsız çətinliklərlə üzləşdilər, heç vaxt təslim olmadılar, birliklərini qorudular, yüksək xarakter, fədakarlıq və əzm nümayiş etdirdilər. Onlar əsl çempion idilər”, – deyə baş məşqçi bildirib.

J.Kaşkilya qeyd edib ki, komandanın qarşısına qoyulan vəzifə çempionatın başa çatmasına üç tur qalmış yerinə yetirilib: “Bu, bizim mükafatımız idi. Həmişə inanan, ən çətin anlarda belə, mübarizəni dayandırmayan kollektiv üçün tamamilə haqq edilmiş mükafat”.

Mütəxəssis məşqçi və texniki heyətə, klub rəhbərliyinə, eləcə də azarkeşlərə təşəkkürünü çatdırıb: “Etimada görə klub rəhbərliyinə, yorulmadan çalışan bütün heyətə və bizi hər zaman dəstəkləyən azarkeşlərə minnətdaram. Onların səsləri, coşqusu və sevgisi bizə hər an irəliləmək üçün güc verdi”.

Baş məşqçi “İmişli”ni təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayaraq fikirlərini belə tamamlayıb: “Buradan gözəl xatirələr, dostluqlar və birlikdə keçdiyimiz yola görə böyük qürur hissi ilə ayrılıram. Kluba və bu ailənin bütün üzvlərinə gələcəkdə uğurlar arzulayıram. Təşəkkürlər, Azərbaycan! Özümlə böyük minnətdarlıq hissi aparıram. Ümid edirəm ki, bu, vida deyil, tezliklə görüşənədək”.

Qeyd edək ki, “İmişli” ötəm mövsümü 34 xalla doqquzuncu pillədə başa vurub.

İdman.Biz