“TNS haqda o qədər də məlumatlı deyiləm. Bununla belə, “Sabah”a çox inanıram”.
Bunu “Şəfa” futbol klubunun qapıçısı Nicat Mehbalıyev futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– “Şəfa”dan başqa təklifləriniz də var idi? Nəyə görə məhz debütantı üstün tutdunuz? Seçiminizdə nə həlledici rol oynadı?
– Bəli, mövsümün sonunda Bakının digər klublarından da təkliflərim var idi. Həmin ərəfədə “Şəfa”nın vitse-prezidenti Əfran İsmayılov zəng etdi, görüşdük. Əfran müəllim dedi ki, baş məşqçimiz Zaur Həşimov səni komandada görmək istəyir. Danışdıq, gələcəklə bağlı ideyaları, fikirləri xoşuma gəldi, yaxşı layihə olduğunu gördüm. Buna görə də “Şəfa”nı seçdim. Klubun uzunmüddətli planının olması, “Şəfa”nı futbolu bilən insanların idarə etməsi seçimimdə həlledici rol oynadı.
– Ötən mövsüm “Sabah”ın heyətində çox oynamaq şansı əldə etmədiniz. “Şəfa”da necə, əsas qapıçı olmağı bacaracaqsınız?
– Bildiyiniz kimi, son mövsümdə “Sabah”ın kapitanı Stas Pokatilov idi. Həqiqətən də, yaxşı sezon keçirdi. Buna görə də az şans qazanmağım normal idi. Ümid edirəm ki, yeni mövsümdə istədiyim formamı yığacam və “Şəfa”nın əsas qapıçısı olacam.
– Premyer Liqaya yeni yüksəlmiş komandanın hədəfi nə olacaq? “Şəfa” ilk ilindəcə yüksək dəstədə iddiasını göstərə biləcək?
– Komanda yeni qurulub, heyət təzədir. İlk mövsüm prioritet Premyer Liqada qalmaqdır, bunun üçün mübarizə aparacağıq. Təbii ki, imkan olsa, niyə də avrozona üçün oynamayaq?! Amma dediyim kimi, elitadakı ilk sezon üçün prioritet liqada qalmaq və yaxşı oyun sərgiləməkdir.
– Çempionluq sevinci yaşadığınız son mövsüm rəqabətli keçdi. Sizcə, yeni sezonda daha üst səviyyədə rəqabət görəcəyikmi?
– Son mövsümdə həqiqətən də “Sabah” və “Qarabağ” arasında gərgin rəqabət getdi. Düşünürəm ki, yeni sezon daha çətin keçəcək. “Sabah”, “Qarabağ”, “Neftçi”, “Zirə” və “Turan Tovuz”la yanaşı, “Şəfa” və digər komandalar da iddialı olacaqlar. Ona görə də azarkeşlər yeni mövsümdə daha maraqlı çempionat izləyəcəklər.
– Sabiq komandanız “Sabah”ın Çempionlar Liqasında TNS ilə oyunlarda şansını necə dəyərləndirirsiniz? Sizcə, Masazır təmsilçisi ÇL-dəki ilk ilindəcə Liqa mərhələsinə vəsiqə qazanmağı bacaracaq?
– TNS haqda o qədər də məlumatlı deyiləm. Bununla belə, “Sabah”a çox inanıram. Yaxşı futbolçulara, güclü baş məşqçiyə, səriştəli idarəçilərə sahibdir. Ümid edirəm ki, “Sabah” avrokubokların Liqa mərhələsində oynayacaq. İnşallah ki, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanarlar. Əgər bu olmayacağı təqdirdə, ən pis halda Avropa Liqası və ya Konfrans Liqasının Liqa mərhələsində iştirak edəcəklərini düşünürəm. Uğurlar arzulayıram. İnşallah, hər şey “Sabah” üçün yaxşı alınar.
