Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün tamaşaçı göstəriciləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, mövsüm ərzində keçirilən 198 oyunu ümumilikdə 285 778 tamaşaçı izləyib. Bir qarşılaşmaya orta hesabla 1443 azarkeş gəlib.
Ən yüksək göstərici “Qarabağ”ın oyunlarında qeydə alınıb. Ağdam təmsilçisinin 17 matçını 51 167 tamaşaçı izləyib. Komandanın oyunlarında orta tamaşaçı sayı 3010 olub.
İkinci pillədə “Neftçi” qərarlaşıb. Bakı klubunun 16 oyununa 44 693 azarkeş gəlib. “Sumqayıt” isə 39 560 tamaşaçı ilə üçüncü olub.
İlk beşliyi “Turan Tovuz” və “Karvan-Yevlax” tamamlayıb. Tovuz klubunun oyunlarında 34 550, Yevlax təmsilçisinin matçlarında isə 27 380 tamaşaçı qeydə alınıb.
Mövsümün ən çox tamaşaçı toplayan oyunu 33-cü turda keçirilən “Qarabağ” - “Sabah” qarşılaşması olub. Bu matçı stadiondan 17 338 azarkeş izləyib. Eyni komandalar arasında 22-ci turdakı görüşdə isə 10 361 tamaşaçı qeydə alınıb.
Ən çox tamaşaçı toplayan digər oyunlar sırasında “Neftçi” - “Qarabağ” - 9500, “Sumqayıt” - “Qarabağ” - 9100 və “Neftçi” - “Qarabağ” - 7800 göstəriciləri də yer alıb.
