İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta transfer gündəmi ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, klub rəhbəri ad günündə “Chiringuito”ya danışıb. Laporta Xulian Alvaresin adını birbaşa çəkməsə də, “Barselona”ya gəlmək istəyən futbolçuların arzularından söz açıb.
Bundan əvvəl 26 yaşlı argentinalı hücumçu “Atletiko Madrid” rəhbərliyinə klubdan ayrılmaq və arzusunu gerçəkləşdirmək istədiyini çatdırıb. “Mundo Deportivo”nun məlumatına görə, indi növbə “Barselonada”dır və Kataloniya klubu Madrid təmsilçisi ilə razılıq əldə etməyə çalışmalıdır.
Laporta bildirib ki, insan arzuları uğrunda çalışır və mübarizə aparırsa, onlar reallığa çevrilir. O, əksər futbolçuların “Barselona”ya gəlmək istəməsinin klub üçün qürurverici olduğunu vurğulayıb.
Klub prezidenti belə futbolçuların arzularını gerçəkləşdirmək istədiklərini də əlavə edib. Laporta iyulun 1-də başlayacaq yeni prezidentlik dönəmi barədə də danışaraq, “Barselona”nı institusional səviyyədə böyütməyə davam edəcəklərini, yeni stadion və uğur yolunda irəliləyən idman layihəsinə sahib olacaqlarını deyib.
