“Kəpəz” komandası “Sabah”la qarşılaşmada ən azı bir xal qazana bilərmiş.
Bunu “Kəpəz”in futbolçusu Namik Ələskərov deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının birinci turunda səfərdə 0:2 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
“Bizim üçün çətin oyun oldu. “Sabah” Premyer Liqanın son çempionudur. Bu komandanın gücü hamıya bəllidir. Buna baxmayaraq, matç ərzində bizim də şanslarımız oldu. Ən azı 1 xal qazana bilərdik”, - deyə o report.az-a açıqlamasında söyləyib.
31 yaşlı oyunçu Gəncə təmsilçisinə qayıdışı barədə danışıb:
“Kəpəz”ə yenidən gəldiyimə görə çox şadam. Daha əvvəl qısa müddət də olsa, bu komandanın formasını geyinmişəm və burada xoş xatirələrim var. Yaddaqalan oyunlarım olub. Ona görə “Kəpəz”dən təklif gələndə tərəddüd etmədən razılaşdım”.
N.Ələskərov komandadakı hədəflərindən söz açıb:
“Hazırkı məqsədimiz yaxşı kollektiv olmaqdır. Bütün oyunlarda sonadək mübarizə aparmaq niyyətindəyik. Mümkün qədər üst pillələrdə yer almaq istəyirik”.
O, son olaraq “Zirə”dən ayrılmasının səbəbini açıqlayıb:
“Bu klubda meydana az çıxdım. Bu mövsüm formamı bərpa etmək istəyirəm. Həm də məqsədim komandama mümkün qədər kömək etməkdir”.
