“Çempionatdakı ilk oyunumuzda qələbə qazanmaq bizim üçün çox vacib idi”.
Bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç evdə “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının ilk tur matçından sonra Sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyunu necə dəyərləndirirsiniz?
– Çempionatdakı ilk oyunumuzda qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu vəzifənin öhdəsindən gələ bildik. Oyun zamanı səhvlərimiz də oldu, yaxşı nəticə verən epizodlarımız da. Əsas məqsəd o idi ki, Konfrans Liqasının pley-off mərhələsində Niderland “Tvente”sinə qarşı keçirəcəyimiz oyunlardan öncə özümüzə inamı qaytaraq. Buna nail olduq. Səhvlərə yol versək də, son nəticə xeyrimizə oldu.
– Konfrans Liqasının əsas mərhələsinə vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
– Komandaya neçə faiz inandığımı deməyim düzgün olmazdı. Sözsüz ki, inanıram. Bunu əvvəllər böyük klubları məğlub etməklə sübut etmişik. İnanmasaydıq, səfərə getməzdik, elə Bakıda qalardıq. İnanaraq gedirik. Bilirik ki, bizi güclü komanda gözləyir.
– Belə iddialar var ki, Türkiyənin “Çorum” klubuna keçməyinizi xanımınız istəməyib…
– (gülür – red.) Məndə belə bir məlumat yoxdur.
– Ümumiyyətlə, başqa klublardan təklifiniz varmı?
– “Qarabağ”la 1 illik müqaviləm var və bu komandanın oyunçusuyam.
