İtaliyanın “İnter” futbol klubu “Kalyari”nin 19 yaşlı hücumçusu Pol Mendi ilə maraqlanır.
İdman.Biz “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi 2007-ci il təvəllüdlü futbolçunu uzun müddətdir izləyir.
“İnter”in idman direktoru Pyero Auzilio və onun köməkçisi Dario Baççin oktyabrın ortalarında Mendinin oyununu izləmək üçün Monzaya səfər ediblər. Klubun skautları daha əvvəl Berqamoda da hücumçunun çıxışını müşahidə ediblər.
Skautların hazırladığı hesabatlarda gənc futbolçunun çıxışı son dərəcə müsbət qiymətləndirilib. Bununla belə, “İnter” hələlik nə “Kalyari”, nə də Mendinin nümayəndələri ilə danışıqlara başlayıb.
Transferin reallaşması Anj-Yoan Bonninin gələcəyindən asılı ola bilər. Fransalı hücumçu gələn yay “İnter”dən ayrılarsa, Mendi onun potensial əvəzedicilərindən biri kimi nəzərdən keçiriləcək.
