Kanq-in Li “Atletiko”ya yaxınlaşır

29 İyun 2026 00:34
75
Kanq-in Li “Atletiko”ya yaxınlaşır

Fransanın PSJ futbol klubunun yarımmüdafiəçisi Kanq-in Li karyerasını İspaniyada davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, cənubi koreyalı futbolçu “Atletiko Madrid”ə keçidə razılıq verib. İddiaya görə, Madrid təmsilçisi PSJ ilə yekun razılaşmanı yaxın saatlarda tamamlamağa çalışır.

“Atletiko Madrid” 25 yaşlı futbolçunu hücumameyilli yarımmüdafiə xəttini gücləndirmək üçün istəyir. Kanq-in Li daha əvvəl “Malyorka”da çıxışı ilə La Liqada yaxşı təsir bağışlayıb. Onun texnikası, sol ayağı, ötürmə bacarığı və hücumla yarımmüdafiə arasında əlaqə yaratmaq keyfiyyəti Dieqo Simeonenin planlarına uyğun hesab olunur.

Transferin təxminən 30-35 milyon avroya (60-70 milyon AZN) başa gələ biləcəyi bildirilir. PSJ isə mümkün ayrılıq fonunda “Monako”nun futbolçusu Maqnes Akliuşu Kanq-in Linin əvəzləyicisi kimi nəzərdən keçirir.

Kanq-in Linin PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir. “Atletiko Madrid” futbolçunun həm idman, həm də kommersiya baxımından önəmli transfer olacağını düşünür. Cənubi Koreya millisinin üzvünün Asiya bazarında böyük populyarlığa malik olması da keçidi Madrid klubu üçün daha cəlbedici edir.

İdman.Biz