Portuqaliyalı baş məşqçi Jorj Jesus Səudiyyə Ərəbistanı futbol millisini çalışdırmağa müsbət yanaşır.
İdman.Biz “Ər-Riyadiyə” nəşrinə istinadən xəbər verir ki, mütəxəssisə yaxın mənbələr Jesusun Səudiyyə Ərəbistanı Futbol Federasiyasından rəsmi təklif alacağı halda yekun danışıqlara başlamağa hazır olduğunu bildiriblər.
Qeyd olunur ki, Jesus əvvəllər klub futbolunda işləməyə üstünlük versə də, hazırda mövqeyi dəyişib. Buna səbəb onun Səudiyyə Ərəbistanı futbolunu yaxından tanıması və bu ölkəyə marağının artmasıdır.
Portuqaliyalı mütəxəssis daha əvvəl “Əl-Hilal” və “Əl-Nəsr” klublarında çalışıb. O, həmin dövrdə Səudiyyə Ərəbistanı millisinin hazırkı heyətində yer alan bir çox futbolçu ilə işləyib. Bu amil milli komandanı Jesus üçün daha cəlbedici varianta çevirib.
