Ferran Torresə Premyer Liqadan əl uzadan var

25 İyun 2026 15:59
78
Ferran Torresə Premyer Liqadan əl uzadan var

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ferran Torres yay transfer pəncərəsində komandasını dəyişə bilər.

İdman.Biz İngiltərə mediasına istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə İngiltərə Premyer Liqasından maraqlanırlar. “Sanderlend”in 26 yaşlı hücumçunu transfer siyahısına daxil etdiyi qeyd olunur.

İngiltərə klubu ötən mövsüm Premyer Liqada sürpriz nəticə göstərib. “Sanderlend” çempionatı yeddinci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb. Bu səbəbdən klub heyətini daha təcrübəli futbolçularla gücləndirmək niyyətindədir.

Ferran Torres “Barselona”da zaman-zaman vacib qollar vursa da, əsas heyətin dəyişilməz üzvünə çevrilə bilməyib. Kataloniya klubunda hücum xəttində ciddi rəqabət var. Bu isə onun gələcəyi ilə bağlı suallar yaradır.

“Barselona” yayda maliyyə baxımından rahatlıq qazanmaq üçün bəzi futbolçuların satışını nəzərdən keçirə bilər. Ferran Torres də bazar dəyəri olan oyunçulardan sayılır. Onun İngiltərə təcrübəsi də Premyer Liqa klubları üçün əlavə üstünlük hesab olunur. İspaniyalı futbolçu daha əvvəl “Mançester Siti”də çıxış edib.

“Sanderlend” Torresə “Barselona”da tam təmin olunmayan daha böyük rol təklif edə bilər. Torresin katalonlarla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

İdman.Biz