Rusiyada hesab edirlər ki, payızda Azərbaycanda keçiriləcək FIFA U-15 2026 Dünya çempionatı və festivalı (U-15 World Cup & Festival 2026) milli komandanın beynəlxalq arenaya tam qayıdışının başlanğıcı ola bilər.
İdman.Biz xəbər verir ki, bunu Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin sədri Mixail Deqtyarev FIFA-nın Rusiyanın 15 yaşadək oğlan və qız millilərini FIFA U-15 2026 Dünya çempionatı və festivalının ilk turnirinə buraxmaq qərarını şərh edərkən bildirib.
“FIFA-nın Rusiyanın yığmasını 2026-cı ilin oktyabrında Azərbaycanda keçiriləcək FIFA U15 dünya çempionatı və festivalına buraxmaq qərarını alqışlayırıq. Bu, Rusiya komandalarının beynəlxalq idmana qayıdışı yolunda mühüm addımdır”, - deyə Mixail Deqtyarev öz “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya tərəfi FIFA ilə daimi əlaqə saxlayır və ümid edir ki, gənclərdən ibarət yığmaların yarışlara buraxılması Rusiya komandaları və klublarının FIFA-nın himayəsi altında keçirilən dünya və Avropa turnirlərinə tam qayıdışının ilk mərhələsi olacaq.
Xatırladaq ki, FIFA Şurası Bürosu bir gün əvvəl Azərbaycanı tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və futbol festivalının ev sahibi kimi rəsmən təsdiqləyib.
Turnir oktyabrın 22-dən 31-dək keçiriləcək və 15 yaşdan yuxarı olmayan futbolçular üçün nəzərdə tutulan FIFA-nın yeni beynəlxalq layihəsinin ilk yarışı olacaq.
