Elvin Cəfərquliyevin “Qarabağ”dakı taleyi necə olacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

25 İyun 2026 16:42
106
Elvin Cəfərquliyevin “Qarabağ”dakı taleyi necə olacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycan futbol millisinin üzvü Elvin Cəfərquliyevin “Qarabağ”da qalacağı və ya komandadan ayrılacağı ilə bağlı yekun qərar verilməyib.

Bunu İdman.Biz-ə açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Klub rəsmisi uzun müddət əsas komandadan uzaqlaşdırılan 26 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə birlikdə Avstriya toplanışına aparılmasına münasibət bildirib.

Klub rəsmisi baş məşqçi Qurban Qurbanovun futbolçunu bağışlayıb-bağışlamadığı və Elvin Cəfərquliyevin komandada qalıb-qalmayacağı ilə bağlı suala belə cavab verib

“Elvin Cəfərquliyev hazırda tam gücü ilə komanda ilə məşq edir. Nə olacaqsa, onu gələcəkdə birlikdə görəcəyik. Bu dəqiqə üçün hər hansı bir şey demək tezdir. Elvin Cəfərquliyevin hazırda “Qarabağ” klubu ilə bir illik müqaviləsi var. Bütün hüquqları da kluba məxsusdur. Nə olacaqsa, onu qarşıdakı zaman göstərəcək”.

Qeyd edək ki, Elvin Cəfərquliyev apreldə intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

Ağdam təmsilçisi futbolçunu transfer siyahısına çıxarıb.

Xatırladaq ki, E.Cəfərquliyev bir neçə gün əvvəl komanda ilə birlikdə Avstriyada keçirilən təlim-məşq toplanışına qoşulub.

İdman.Biz